Türkiyə rəsmisi: "Qarabağda binaların orijinallığı qorunaraq bərpa edilib"

İnfrastruktur
  • 16 oktyabr, 2025
  • 13:13
Türkiyə rəsmisi: Qarabağda binaların orijinallığı qorunaraq bərpa edilib

Azərbaycan hökuməti işğaldan azad etdiyi ərazilərində binaların orijinallığını qoruyaraq onları bərpa edib.

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Ömər Bulut Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bölgədə binaların bir qismi zərər çəkib: "Bu gün binalar tarixi formasını qorumaqla bərpa olunur. Bu ərazilər otuz il əvvəl də azərbaycanlıların yaşadığı yerlər idi".

Ö.Bulut əlavə edib ki, Azərbaycan şəhərsalma baxımından çox gözəl bir nümunə təqdim edib: "Hesab edirəm ki, bütün ölkələrdən buraya gələrək müharibədən sonra şəhərləri bərpa edərkən insanlıq və həssaslıq prinsiplərinə necə əməl edildiyini görə bilərlər. Azərbaycan bunu reallaşdırıb. Yıxmaq hər kəs üçün asandır, amma biz – türk milləti olaraq – həmişə yaratmağa üstünlük vermişik. Kim hansı əsəri ortaya qoyubsa, biz onu qoruyub gələcək nəsillərə çatdırmışıq".

Xatırladaq ki, forumun ikinci günü şəhər və kənd əlaqələrindən tutmuş mənzil siyasətinə, innovativ şəhər həllərindən inklüzivliyə qədər müasir şəhərsalmanın ən aktual məsələlərinə dair müzakirələr aparılıb. Günün ilk panel iclası "Sosial-iqtisadi artım, ərazi bərabərliyi və ekoloji davamlılıq üçün şəhər-kənd əlaqələri" mövzusunda keçirilib. Müzakirələrdə milli şəhərsalma siyasətlərinin ərazilərin bərabər inkişafındakı rolu, dağlıq ərazilərdə dayanıqlı və əlçatan icmaların planlaşdırılması kimi məsələlərə toxunulub. Daha sonra Forum işini "Ədalətli şəhər gələcəyinin mərkəzində mənzil əlçatanlığı" adlı panellə davam etdirib. Bu iclasda əhalinin keyfiyyətli mənzillə təminatı üçün innovativ maliyyələşdirmə modelləri, dövlət-özəl tərəfdaşlığı, eləcə də ərazi bərabərsizliyini azaldan səmərəli torpaq və mənzil siyasətləri ətrafında fikir mübadiləsi aparılıb. Günün digər mühüm müzakirələri "Mobillik, data və məkan planlaşdırmasının qarşılıqlı əlaqəsi: İnnovativ şəhər həlləri" mövzusuna həsr olunub. Bu sessiyada dayanıqlı mobilliyin və şəhər planlaşdırılmasının milli səviyyədə uzlaşdırılması, tranzit yönümlü inkişaf və yeni məlumat mənbələrinin şəhər planlaşdırılmasında yaratdığı inqilabi dəyişikliklər diqqət mərkəzində olub. Forum iştirakçıları həmçinin "Dizayn vasitəsilə daha sağlam şəhərlər: Şəhər məkanlarının insanların rifahı üçün yenidən qurulması" və "Hamı üçün şəhər əlçatanlığının və inklüzivliyin təmin edilməsi" mövzularında keçirilən panellərdə də fəal iştirak ediblər. Bu sessiyalarda şəhər təhlükəsizliyinin rifah üçün ilkin şərt olması, universitetlərin regional ekosistemin inkişafındakı potensial rolu, sürətli şəhər genişlənməsi zamanı sosial inklüzivliyin qorunması və şəhərlərdə qadınların, gənclərin və uşaqların ehtiyaclarının nəzərə alınması kimi vacib məsələlər müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti