Malayziyalı nazir: "Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakı dərinləşib"
- 15 oktyabr, 2025
- 12:13
Azərbaycanda keçirilən üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) ölkənin qlobal şəhərsalma proseslərində iştirakının dərinləşdiyini nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Assambleyasının (UN-Habitat Assembly) Prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Mingin bu gün Xankəndidə keçirilən NUFA3-də ünvanladığı video müraciətində qeyd edib.
Onun sözlərinə görə, son iki ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dayanıqlı urbanizasiyanın Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsində oynadığı mühüm rolu vurğulamaq üçün Milli Şəhərsalma Forumlarını uğurla təşkil edib.
O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlarından sonra, bu il forumun diqqət mərkəzində iqlim və ətraf mühitin davamlılığı məsələlərinin olmasından məmnun olduğunu qeyd edib: "Azərbaycan COP29 çərçivəsində iki mühüm təşəbbüs – davamlı və dayanıqlı şəhərlər üçün sektor üzrə fəaliyyət yolları və dayanıqlılıq koalisiyası ilə bağlı layihələri işə salıb. Bu təşəbbüslər Yeni Şəhər Gündəliyinin əsas istiqamətlərinin iqlim prosesi ilə əlaqələndirilməsinə olan ortaq marağımızı əks etdirir. Yalnız iqlim məqsədləri və siyasətlərinin yerli səviyyədə konkret tədbirlərə çevrilməsi ilə biz şəhərləri daha yaşanılacaq məkanlara çevirə bilərik".
Xatırladaq ki, III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində açılış mərasimi baş tutub.
Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) davamlı şəhərsalma və inkişafı təşviq etmək üçün mühüm bir platforma olacaq. Forumda dayanıqlılıq, inklüzivlik, şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılması əsas vurğu kimi çıxış edəcək. Forum geniş spektrli çağırışları müzakirə edəcək – mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi.
İqlim öhdəlikləri ilə şəhərlərin dayanıqlılığı arasında daha güclü əlaqələrin qurulması və Qlobal Şəhərsalma Forumları (WUF) ilə Tərəflər Konfransları (COP) kimi beynəlxalq platformalar arasında körpü yaradılması məqsədilə Azərbaycan COP29-da iki mühüm təşəbbüs irəli sürüb: Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) və Bakı Davamlılıq Koalisiyası. Bu təşəbbüslər Azərbaycanın şəhərsalma sahəsindəki səylərini qlobal iqlim və davamlı inkişaf gündəmləri ilə uyğunlaşdırmağa sadiqliyini nümayiş etdirir.
"İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" mövzusu altında keçiriləcək NUFA3 Azərbaycanın qlobal şəhərsalma proseslərində artan iştirakını önə çəkəcək. Forum milli, regional və yerli hökumətlərin, təşkilatların, icmaların, akademik qurumların, özəl sektorun və digər aidiyyəti tərəfdaşların inteqrasiya olunmuş planlaşdırma, çoxtərəfli əməkdaşlıq və Paris Sazişi, Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrin lokallaşdırılması vasitəsilə iqlimədavamlı və sağlam şəhərlərin yaradılmasına töhfəsini müzakirə edəcək. 2022 və 2023-cü illərdə keçirilmiş əvvəlki Milli Şəhərsalma Forumlarının nailiyyətlərinə əsaslanaraq, NUFA3 həmçinin regional və yerli kontekstlərə uyğunlaşdırılmış inklüziv, dayanıqlı yanaşmalar vasitəsilə Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün dialoq platforması olacaq.
Forum inklüziv və mütəmadi bir platforma olaraq şəhərsalma çağırışlarının müzakirəsinə xidmət edəcək, xüsusilə də postmünaqişə şəraitində yaşayış məntəqələrinin bərpası və reabilitasiyası, həmçinin davamlı şəhərsalma üzrə əməkdaşlığın inkişafı diqqət mərkəzində olacaq. Bundan əlavə, forum müasir şəhərsalma və davamlı inkişaf yanaşmalarının nümayişi, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsinin təşkili məqsədi daşıyır.
Azərbaycanın regionda dialoq və innovasiyalar üçün artan əlaqələndirici rolunu nəzərə alaraq, NUFA3 planlaşdırma qurumları arasında bilik və institusional əməkdaşlığın gücləndirilməsinə, ortaq şəhərsalma problemlərinin həllinə dəstək olmağı hədəfləyir. Forum həmçinin şəhərsalma və ərazi planlaşdırmasının transsərhəd ekoloji və infrastruktur məqsədləri ilə uyğunlaşdırılmasını təşviq edəcək. Əminik ki, ölkə nümayəndələri arasında strukturlaşdırılmış dialoqlar yaşayış, təbii resurslar, torpaqdan istifadə və mobillik kimi ortaq məsələlər üzrə şəhər monitorinqi və siyasətlərin harmonizasiyası üçün ortaq göstəricilərin işlənib hazırlanmasına təkan verəcək.
NUFA3 həmçinin WUF13-ə aparan yolda mühüm hazırlıq mərhələsi kimi çıxış edəcək, davamlı şəhər və regional inkişafın təşviqinə sadiq olan milli və beynəlxalq tərəfdaşlar arasında dialoq və əməkdaşlığa töhfə verəcək, beynəlxalq ən yaxşı təcrübələri nümayiş etdirəcək və yerli fəaliyyətləri stimullaşdıracaq.