Tramp Yaxın Şərqdə sülhün bərqərar olduğunu bəyan edib
- 19 fevral, 2026
- 19:26
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhün bərqərar olduğunu bəyan edib.
"Report" xəbər verir ki, Tramp bunu Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının ilk iclasında bəyan edib.
"İsrailə gəldikdə isə, biz ən vacib işi gördük. İndi Yaxın Şərqdə sülh hökm sürür. Bu, bir çoxlarının mümkün hesab etdiyindən daha çoxdur. Deyirdilər ki, bu mümkün deyil. 3000 ildir Yaxın Şərqdən danışırlar və deyirdilər ki, bu, mümkün deyil", - o bildirib.
O vurğulayıb ki, əsas amillərdən biri ABŞ-nin addımları, o cümlədən "B-2" strateji bombardmançı təyyarələrinin istifadəsi (İranın nüvə obyektlərinin bombalanması zamanı - red.) olub.
Trampın sözlərinə görə, bu təyyarələr yüksək effektivliyə malikdir və güclü silahları daşımağa qadirdir.
"Biz indicə daha 22 yenilənmiş model sifariş etdik. B-2 bombardmançıları inanılmazdır. Mən heç vaxt B-2-ni tam başa düşmürdüm. Ona baxırsan - sadəcə qanaddır. Həmişə düşünürdüm ki, gözəldir, amma nə edir? O, çox böyük bombalar daşıyır", - Tramp əlavə edib.
ABŞ lideri İsrail və İran ətrafındakı vəziyyətə də toxunub.
"Görək İsrail və İran arasında vəziyyət necə inkişaf edəcək", - Tramp bildirib.