Sultan Hacıyev Keniyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

Xarici siyasət
  • 11 dekabr, 2025
  • 17:22
Sultan Hacıyev Keniyanın Baş naziri ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşüb.

Səfirlikdən "Report"a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari ildəki inkişafının dinamikasından razılıq ifadə olunub və il ərzində baş tutan yüksək səviyyəli intensiv səfərlərin ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə olduğu qeyd olunub.

Baş nazir M.Mudavadi Azərbaycan Prezidenti İlham Əliyev və Keniya Prezidenti Uilyam Samoei Ruto arasında cari ilin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən görüşün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O, cari ildə xarici işlər nazirlikləri arasında baş tutan ilk siyasi məsləhətləşmələrin, ardınca xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə vacib mərhələ olduğunu dilə gətirib.

Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən Sultan Hacıyev cari ildə enerji, İKT, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiar xidmət və təhsil sahələrində əldə olunan nəticələri qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycanın ADA Universiteti ilə Keniyanın Xarici və Diaspora İşləri Nazirliyinin Xarici Xidmət Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun diplomatik xidmət orqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Səfir 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər barədə həmsöhbətini məlumatlandırıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə görüşünün keçiriləcəyini diqqətə çatdırıb. Qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycan və Keniyanın dayanıqlı şəhərsalma və iqlim sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, o cümlədən COP-WUF platformaları arasında bu proseslər üzrə əlaqənin gücləndirilməsi fəaliyyətində WUF13-ün sıx işbirliyi fürsəti olacağı vurğulanıb.

Görüşdə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti