Pakistandakı "Asaan Khidmat" mərkəzi 171 mindən çox vətəndaşa xidmət göstərib
- 05 noyabr, 2026
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "ASAN xidmət" modeli əsasında yaradılmış Pakistandakı "Asaan Khidmat" mərkəzi 2026-cı ilin yanvarında açıldığı vaxtdan bəri 171 mindən çox vətəndaşa xidmət göstərib.
"Report" xəbər verir ki, bu barədə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca Bakıdakı "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammitdə bildirib.
Onun sözlərinə görə, mərkəz 12 dövlət qurumu tərəfindən 64 xidmətin göstərilməsi ilə fəaliyyətə başlayıb.
Nazir qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan və Pakistan arasındakı əməkdaşlıq, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi sayəsində mümkün olub.
"Vətəndaşlar üçün xidmətlərin əldə edilməsini nə qədər asanlaşdırmaq istəyiriksə, dövlət aparatı daxilindəki işimizi də bir o qədər diqqətlə təşkil etməliyik", - o vurğulayıb.
Nazir bildirib ki, rəqəmsal infrastruktur, şəxsiyyətin identifikasiyası üzrə etibarlı sistemlər və ödəniş mexanizmləri dövlətə böhranlara operativ reaksiya verməyə və əhaliyə effektiv şəkildə yardım göstərməyə imkan verir.
Nazir həmçinin fövqəladə hallar, o cümlədən iqlim dəyişikliyinin səbəb olduğu vəziyyətlər şəraitində federal və əyalət hökumət orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib.