Tənzilə Narbayeva: Azərbaycanda Özbəkistan sərmayəsi ilə 130-dan çox şirkət qeydiyyatdan keçib

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:00
Tənzilə Narbayeva: Azərbaycanda Özbəkistan sərmayəsi ilə 130-dan çox şirkət qeydiyyatdan keçib

Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 470-dən çox müəssisə fəaliyyət göstərir, Azərbaycanda isə Özbəkistan sərmayəsi ilə 130-dan çox şirkət qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda deyib.

Onun sözlərinə görə, əsas məqsəd 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır:

"Sənaye kooperasiyamızın iri nümunələrindən biri Hacıqabulda avtomobil və avtobusların birgə istehsalıdır. Bu ilin iyulunadək orada 10 mindən çox "Chevrolet" avtomobili və 275 "ISUZU" avtobusu buraxılıb. Xankəndidə isə birgə tikiş fabriki doğma yurdlarına qayıdan insanlara ailələrinin yanında, evdə işləmək imkanı verib".

Tənzilə Narbayeva islahatların qanunvericilik təminatında və dövlətlərarası münasibətlərin reallaşdırılmasında parlamentlərin üzərinə xüsusi rol düşdüyünü söyləyib:

Spiker yaxın iki ildə birgə işin dörd istiqamətdə cəmləşdirilməsini təklif edib:

"Birincisi, ikitərəfli münasibətlərin, profil sazişinin icrasına parlament nəzarətinin təmin edilməsidir. Profil komitələri mütəmadi olaraq mübadilə etməli, hansı qərarların artıq nəticə verdiyini, harada ləngimələrin yarandığını və harada qanunvericilik dəstəyinin tələb olunduğunu müzakirə etməlidirlər.

İkincisi, parlamentlərarası dialoqumuzda regionların iştirakının fəallaşdırılmasıdır. Artıq birgə müəssisələrin işlədiyi və ortaq layihələrimizin reallaşdırıldığı yerlərdə görüşlərdən başlamaq olar. Yerli deputatlar, sahibkarlar, mütəxəssislər bu layihələrin inkişafına nəyin kömək edəcəyini və yeni təşəbbüslər üçün harada imkan olduğunu yaxşı bilirlər".

T.Narbayeva vurğulayıb ki, beynəlxalq parlament platformalarında əlaqələndirmə də vacibdir:

"Nümayəndə heyətlərimiz Parlamentlərarası İttifaqda, TÜRKPA-da, ATƏT Parlament Assambleyasında, MDB Parlamentlərarası Assambleyasında və digər beynəlxalq platformalarda birlikdə dəstəkləyə biləcəyimiz təşəbbüsləri əvvəlcədən müzakirə etməlidirlər.

Dördüncü istiqamət isə universitetlər, elmi və mədəni müəssisələr arasında birbaşa əlaqələrdir. Biz gənclər və təhsil mübadilələrini, tarixi abidələrin qorunması üzrə mütəxəssislərin birgə işini, Nizami Gəncəvinin və Əlişir Nəvainin, eləcə də digər böyük əcdadlarımızın irsinə həsr olunmuş sərgiləri və elmi görüşləri dəstəkləyə bilərik. İstərdik ki, belə layihələr sayəsində tanış olan gənclər dostluğu uzun illər qoruyub saxlasınlar".