“Biz beynəlxalq təsisatlara çox inanırdıq. Düşünürdük ki, bu təsisatlar Azərbaycana sülh gətirəcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.
Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycan cəmiyyətinin də gözləntiləri özünü doğrultmadı: “ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqla Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı da 4 qətnamə qəbul etmişdi. Ancaq bu qətnamələr icra olunmadı. Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınırdı, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”.