Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib
- 20 dekabr, 2025
- 12:46
Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır.
"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib.
"Rusiya və Ukrayna arasında davam edən müharibədə hər iki tərəf pilotsuz uçuş və suüstü aparatlardan fəal istifadə edir. Bu vəziyyət bölgədə həm ticarət gəmiləri, həm də sərnişin təyyarələri üçün ciddi təhlükə yaradır", - o qeyd edib.
Y.Gülər Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarının dekabrın 15-də Qara dəniz üzərində respublikanın hava məkanına yaxın ərazidə PUA vurduğunu xatırladıb.
"Bu zaman biz bu marşrut üzrə təyyarələri ən yaxın hava limanlarına yönləndirərək təhlükəsiz şəkildə enməsini təmin etdik. Sonra biz PUA-nı vurduq. Daha sonra isə mülki təyyarələrin uçuşlara təhlükəsiz şəkildə davam etməsini təmin etdik", - o bildirib.
Nazirin sözlərinə görə, yaranmış vəziyyət fonunda Türkiyə Qara dənizdəki kritik əhəmiyyətli yerüstü və sualtı obyektlərini qorumaq üçün lazımi tədbirlər görür.
"Bizim qazma gəmilərimiz həyati əhəmiyyət kəsb edir. Nəzarətdən çıxmış pilotsuz aparatlara və ya su altından gələ biləcək təhdidlərə qarşı hazırladığımız və tətbiq etdiyimiz tədbirlərimiz var", - o vurğulayıb.