Ermənistan Rusiya üçün əvəzolunmaz strateji tərəfdaş deyil.
"Report" xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko deyib.
Politoloq "Report"un sualını cavablandırarkən qeyd edib ki, onun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi bazasını saxlamasının heç bir mənası yoxdur.
“Oradakı hərbi baza Rusiyaya qətiyyən lazım deyil. O, yalnız problemlər yaradır və hər hansı bir təsirə malik olmağa imkan vermir”, – o qeyd edib.
Politoloq bunu Rusiya Federasiyasının region ölkələri ilə normal münasibətlər qurması ilə izah edərək, Moskva ilə Bakı arasında münasibətlərin xüsusi rolunu vurğulayıb.
"Bizim Azərbaycanla iki prezident arasında şəxsi və hərtərəfli dialoqa əsaslanan əla münasibətlərimiz var", - M.Şevçenko bildirib.
M.Şevçenko bildirib ki, o, Ermənistanın qonşu dövlətlərlə münasibətlərin qurulması kontekstində Rusiya üçün rolunun nədən ibarət olduğunu başa düşmür.
“Ermənistan ərazisindən heç bir marşrut keçmir, ona görə də mən Ermənistanın Rusiya üçün hansı strateji əhəmiyyətindən söhbət getdiyini anlamıram. Fransaya gəlincə, başa düşürəm ki, onlar Ermənistanda fransızyönümlü təbəqəyə arxayındırlar və Qafqazda sabitliyi pozurlar, Moskva isə əksinə, regionda vəziyyəti sabitləşdirməyə çalışır”, – politoloq vurğulayıb.
M.Şevçenko qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması strateji vəzifədir.
Onun sözlərinə görə, Ermənistan özünü hamının ona borclu olduğu bədbəxt kimi qələmə verməməli və regionda hamı ilə yola getməyi öyrənməlidir.