Gürcü professor: Azərbaycandan neft məhsullarının Ermənistana yola salınması sülh prosesinin real nəticəsidir

Region
  • 19 dekabr, 2025
  • 13:52
Gürcü professor: Azərbaycandan neft məhsullarının Ermənistana yola salınması sülh prosesinin real nəticəsidir

Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana yola salınması regionda sülh və əməkdaşlıq prosesinin real nəticəsidir.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin xoş niyyətinin növbəti təzahürüdür:

"Təəssüf ki, uzun illər ərzində Azərbaycan–Ermənistan münasibətləri arzuolunan səviyyədə olmayıb. Lakin bu gün, bütün çətinliklərə baxmayaraq, münasibətləri məhz bu məcraya yönəltmək mümkün olub və proses mərhələli şəkildə inkişaf edir. Bunun arxasında konkret siyasi iradə və məqsədyönlü addımlar dayanır. Biz bunu yalnız alqışlaya bilərik".

P.Mamradze qeyd edib ki, neft məhsullarının Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana göndərilməsi bir vaxtlar mümkün olmayan bir hadisə kimi görünürdü:

"Elə bir dövr olub ki, bu barədə düşünmək belə mümkün deyildi və bu, o qədər də uzaq keçmiş deyil. Amma bu gün artıq bu, reallıqdır. Bütün müvafiq sənədlər imzalanıb və Gürcüstan hökumətinin bu yükləri heç bir tarif tətbiq etmədən, tamamilə pulsuz buraxması son dərəcə müsbət haldır".

Onun sözlərinə görə, Gürcüstanda bəzi dairələrin guya tranzit tariflərinin yüksək olması ilə bağlı yaydığı iddialar həqiqəti əks etdirmir.

"Bəziləri spekulyasiya etməyə çalışırdılar ki, guya tariflər çox yüksəkdir. Halbuki heç bir tarif yoxdur. Bu, üç xalqın – Azərbaycan, Ermənistan və Gürcüstanın nümunəvi və qarşılıqlı faydalı əməkdaşlıq məkanı yarada biləcəyini göstərən bariz nümunədir", - siyasi şərhçi vurğulayıb.

Professor əlavə edib ki, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin formalaşmasının başlanğıcı hesab edilə bilər:

"Bu proses təkcə iki ölkə üçün deyil, bütövlükdə region – Azərbaycan, Ermənistan və Gürcüstan üçün yeni iqtisadi əməkdaşlıq imkanları yaradır. Ümid edirəm ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək və konkret layihələrdə öz əksini tapacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti