İmtahan nəticələrinə təsir göstərməkdə təqsirləndirilən şəxslərin məhkəməsi olub
- 19 dekabr, 2025
- 16:34
İmtahan nəticələrinə təsir göstərməkdə təqsirli bilinən şəxslərin məhkəməsi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
Hakim Elçin Məmmədov sədrlik etdiyi prosesdə hər iki şəxsə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
K.Əsədov ona elan olunan ittihamlarda özünü təqsirli bilməyib. G.Abbasov isə özünü qismən təqsirli bilib.
Məhkəmədə ifadə verən Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi bildirib ki, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə edildiyi aşkarlanıb və bu məsələ ilə bağlı 14 abituriyentin adı qeydə alınıb.
Növbəti məhkəmə prosesi gələn il yanvarın 22-nə təyin edilib.