Mirzoyan və Marta Kos Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
- 30 yanvar, 2026
- 17:19
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kosla danışıqlar aparıb, tərəflər Bakı və İrəvan arasında sülh prosesini müzakirə ediblər.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi danışıqların nəticələrinə dair məlumat yayıb.
"Mayda İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinin gündəliyi və həyata keçiriləcək yüksək səviyyəli səfərlər ətraflı müzakirə edilib. Tərəflər nəzərəçarpan nəticələrin təmin edilməsinə yönəlmiş təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını vurğulayıblar", - məlumatda bildirilib.
Görüş zamanı Mirzoyan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avro yardımın ayrılması ilə bağlı Aİ Şurasının qərarından məmnunluğunu bildirib. "Ararat Mirzoyan və Marta Kos Ermənistanda demokratik islahatların və dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan işləri müzakirə edib, Ermənistanla Azərbaycan arasında sülh sazişi kontekstində regional nəqliyyat əlaqələrinin və infrastrukturun inkişafı proqramlarının həyata keçirilməsi məsələlərinə, sülhün daha da institutlaşdırılmasına yönəlmiş digər addımlara toxunublar", - XİN-dən əlavə ediblər.