Azərbaycanda bu il üçün 5 neft və qaz yatağı üzrə investisiya imkanları müzakirə olunub
- 09 fevral, 2026
- 12:49
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "GL Group" arasında bu il üçün "Kürsəngi", "Qarabağlı", "Buzovna-Maştağa" və "Qala" və "Zirə" neft və qaz yataqları üzrə planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müzakirə olunub.
"Report" GL şirkətinə istinadən xəbər verir ki, müzakirələr iki şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən Rəhbər Komitənin növbəti iclasında aparılıb.
İclasda "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında fəaliyyət göstərən "Salyan Oil Ltd" Əməliyyat Şirkətinin, eləcə də "Buzovna-Maştağa", "Qala və Zirə" neft yataqlarında fəaliyyət göstərən "Taghiyev Operating Company" MMC Əməliyyat Şirkətinin 2025-ci il üzrə iş proqramı və büdcənin icrası, həmçinin 2026-cı il üçün təqdim edilmiş iş proqramı və büdcəsi müzakirə olunub.
"GL Group"un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalovun və SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun rəhbərliyi ilə keçirilən iclasda həmçinin saziş sahələrində görülmüş işlər müzakirə olunub.
Səfər çərçivəsində iclas iştirakçıları "Salyan Oil Ltd" Əməliyyat Şirkətinin "Qarabağlı" yatağında yerləşən 6-cı sahəyə, "Kürsəngi" yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.
Məlumata görə, keçirilən görüş "GL Group" və SOCAR arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılması və birgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, "GL Group" Azərbaycanın Salyan rayonunda "Kürsəngi" və "Qarabağlı", Abşeron yarımadasında "Buzovna-Maştağa", "Qala" və "Zirə" də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə "Salyan Oil Limited" və "Taghiyev Operating Company" əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən "GL Technical Services" şirkəti daxildir. "GL Group" 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100 % pay sahibi olan Kanadanın "Gazelle Energy Limited" şirkətinin 25 % payını satın alıb.
Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilir. "Azərbaycanda "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində SOCAR, "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanıb, 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün "Salyan Oil Ltd." əməliyyat şirkəti yaradılıb. 2002-ci ilin mart ayından "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) alıb. Saziş sahəsi 450 km2-dır.
İşlənmə dövründə yataqlarda 808 quyu qazılıb ki, bunlardan 494 quyu "Kürsəngi", 314 quyu "Qarabağlı" yataqlarında yerləşir.