Bakı. 27 oktyabr. REPORT.AZ/ Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilərək onlardan 4 ədəd çöl göyərçini, 4 ədəd bildirçin, 2 ədəd ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkar olunaraq götürülüb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və qanun pozucuları “Heyvanlar aləmi haqqında” qanunun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində cərimə edilib.
Nazirlikdən bildirilib ki, respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.