Zelenski: Rusiya reparasiya krediti ilə bağlı qərarı bloklamaq üçün əlindən gələni edəcək
- 18 dekabr, 2025
- 19:28
Kiyevə reparasiya krediti ayrılması qərarının təsdiqlənməsi çox vacibdir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclası çərçivəsində Avropa ölkələrinin dövlət və hökumət başçıları ilə görüşün yekununda bildirib.
"Bu qərar vacibdir və bu, yalnız maliyyə dəstəyi məsələsi deyil. Amma biz əminik ki, Rusiya bu qərarı bloklamaq üçün əlindən gələni edəcək", – Zelenski qeyd edib.
Onun sözlərinə görə, liderlərin əksəriyyəti reparasiya kreditinin ayrılmasını dəstəkləyir: "Lakin mən onların adından danışa bilmərəm. Amma düşünürəm ki, bir məsələdə hamımız həmrəyik – Ukraynanın maliyyələşdirilməsi məsələsini gələn ilə həll olunmamış buraxmaq olmaz".
Zelenski əlavə edib ki, 2026-cı ildə Ukraynanı 45-50 milyard avro büdcə kəsiri gözləyir. O, Rusiyanın münaqişəni davam etdirmək niyyətində olduğunu göstərdiyini vurğulayaraq, bu şəraitdə Ukraynanın güclü olmasının vacibliyini vurğulayıb.
Prezident həmçinin söyləyib ki, Rusiyanın genişmiqyaslı işğalından bəri vurduğu böyük zərəri nəzərə alaraq, Kiyev reparasiyalara layiqdir: "Bu aktivlərin onların hücumlarına qarşı istifadə olunması tamamilə ədalətlidir".