Fermerlər Brüsseldə Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
- 18 dekabr, 2025
- 23:44
Avropa İttifaqı ölkələrinin liderlərinin Brüsseldə Avropa Şurasının binasında mühüm məsələləri müzakirə etdiyi bir vaxtda fermerlər Belçika paytaxtının küçələrində nümayiş keçiriblər və bu aksiyalar iğtişaşlara çevrilib.
"Report"un Avropa bürosu yerli KİV-ə istinadla xəbər verir ki, nümayişdə iştirak etmək üçün Avropanın müxtəlif ölkələrindən fermerlər Brüsselə toplaşıblar.
Etirazın səbəbi Avropa İttifaqının Latın Amerikası ölkələrinin əksəriyyətini birləşdirən "MERCOSUR" ticarət bloku ilə bağladığı sazişə narazılıq olub. Avropa İttifaqı rəhbərliyi bu razılaşmanı dünya tərəfdaşları ilə ticarət əlaqələrinin genişlənməsi və Cənubi Amerika ölkələrinin (Argentina, Braziliya, Paraqvay və Uruqvay) bazarlarına çıxış üçün mühüm addım, böyük azad ticarət zonasının yaradılması kimi qiymətləndirir. Avropalı fermerlər isə bu sazişi təhlükə hesab edir, çünki daha ucuz idxal kənd təsərrüfatı məhsulları ilə rəqabətdən və Aİ-nin subsidiyalarının azalmasından ehtiyatlanırlar.
Ən dramatik hadisələr Avropa Parlamentinin qarşısında baş verib. Etirazçılar polisə kartof atıblar, polis isə buna cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Şəhərin müxtəlif yerlərində nümayişçilər tonqallar yandırıb, traktorlarda Avropa kvartalına doğru hərəkət ediblər.
Yerli KİV-in məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Anitoniu Koşta etirazı təşkil edən aqrar lobbi nümayəndələri ilə görüşüblər, lakin danışıqlar nəticəsiz qalıb.
MERCOSUR ilə saziş bugünkü Avropa İttifaqı liderlərinin iclasının gündəliyində olmasa da, görüş başlamazdan əvvəl narazı liderlər bu məsələni müzakirə ediblər. Onların arasında Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Polşanın Baş naziri Donald Tusk da olub.