Ceyhun Sultanov: "Sabah"ın çempionatda liderliyi nə qədər saxlaya biləcəyini zaman göstərəcək"
- 19 dekabr, 2025
- 15:53
Misli Premyer Liqasının I turundan təxirə salınan "Qarabağ"la matçda qələbə qazanan və turnir cədvəlində liderliyə yüksələn "Sabah"ın mövqeyini nə dərəcədə qoruyub saxlaya biləcəyini zaman göstərəcək.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, bunun çempionatın ən yaxşı oyunu olduğunu düşünür:
"Çox maraqlı görüş oldu. "Sabah" daha üstün oynadı və liderliyə yüksəlmək şansını qaçırmadı. Ancaq bunu nə qədər saxlaya biləcəklərini zaman göstərəcək. Ümumilikdə "Sabah" yaxşı komandadır. Yüksək səviyyəli futbol nümayiş etdirdilər. Düşünürəm ki, "Qarabağ" da yaxşı mübarizə apardı. Çempionatın sonunun daha maraqlı olacağını deyə bilərəm. Fikrimcə, çempionatın ən yaxşı oyunu idi. Həm "Sabah"a, həm də "Qarabağ"a uğurlar arzulayıram".
Qeyd edək ki, ötən gün baş tutan "Sabah"- "Qarabağ" görüşü Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Valdas Dambrauskasın komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 33 xalla ikincidir.