Hazırda şirkətlərin iqlim keçidi ilə bağlı dürüst şəkildə fəaliyyət göstərməsi mühüm amildir.
"Report" xəbər verir ki, bunu ABŞ-ın "JP Morgan" bankının icraçı direktoru Lyuk Nelson noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "İqlim keçidi planları: Çağırışlar və həll yolları" adlı tədbirdə bildirib.
"Düşünürəm ki, iqlim keçidi planları ilə bağlı dürüstlük həqiqətən vacib amildir. Amma bununla bağlı müəyyən mənada dəyişikliklərin olduğunu görürəm. Hazırda bütün sektorlardakı şirkətlər indi nə edə biləcəklərini, nəyə nail ola biləcəklərini, nəyin onların nəzarətində olub-olmadığını daha yaxşı başa düşürlər" - o vurğulayıb.
L.Nelson həmçinin deyib ki, hazırda iqlimə keçid məsələsində müxtəlif ölkələrin yürütdüyü siyasət mühüm rol oynayır.
Onun sözlərinə görə, "JP Morgan" iqlim sahəsində şəffaf olmağın zərurəti barədə çox aydın siyasət yürüdür: "Bu, həqiqətən yeni hədəflərimizlə bağlı yanaşmamızı səciyyələndirir".