Lu Mey: Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır

Biznes
  • 13 mart, 2026
  • 11:43
Lu Mey: Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır

2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və nəticədə Pekin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə bildirib.

"İkitərəfli əlaqələrin səviyyəsinin yüksəlməsi sayəsində ölkələrimiz arasında iqtisadi və ticarət əməkdaşlığı nəzərəçarpacaq və dinamik artım nümayiş etdirir. Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 2025-ci ildə 30,2 % artaraq 4,87 milyard ABŞ dollarına çatıb və bu, ardıcıl olaraq üçüncü dəfə əldə olunmuş rekord göstəricidir.

2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsinin 420 milyon ABŞ dollarına çatması nəticəsində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub", - səfir qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında təkcə ticarət dövriyyəsi sürətlə artmayıb, həm də praktiki əməkdaşlığın keyfiyyəti və səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji, avtomobilqayırma, informasiya və kommunikasiya texnologiyaları, eləcə də tikinti materialları istehsalı sahələrində layihələri fəal şəkildə həyata keçirirlər. Çin və Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı birgə təşviq edirlər", - Lu Mey əlavə edib.

O, həmçinin yanvarın 8-də Çin şirkəti tərəfindən inşa edilmiş "Xızı-Abşeron" külək elektrik stansiyasının açılış mərasimində iştirak etdiyini xatırladıb:

"Bu, Cənubi Qafqazda ən böyük külək enerjisi layihəsidir və onun 300 mindən çox ailəni elektrik enerjisi ilə təmin edəcəyi, karbon qazı emissiyalarını 400 min ton azaldacağı, Azərbaycanın və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin ilin əvvəlində yerli KİV-ə müsahibəsində qeyd etdiyi kimi, Çinlə praqmatik əməkdaşlıq Azərbaycanın strateji qərarı idi və layihələrin icrası zamanı nümayiş etdirilən peşəkarlıq, keyfiyyət və sürət bu seçimin doğru olduğunu təsdiqləyir", - səfir qeyd edib.

Diplomatın sözlərinə görə, Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın böyük potensialı var və gələcək inkişaf, modernləşmə üçün geniş imkanlara malikdir.