DGK rəsmisi: "Tranzit sənədləri rəqəmsallaşdırılmalıdır"
- 08 dekabr, 2025
- 13:37
Azərbaycanda tranzit sənədlərinin rəqəmsallaşdırılması istiqamətində bir sıra işlər görülməlidir.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Fuad Məmmədov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
"Eyni zamanda gömrük orqanları qabaqcıl texniki nəzarət vasitələri tətbiq edir, beynəlxalq alətlərdən və sistemlərdən istifadə edir, bu da tranzitin həcminə təsir eləyən amillərdəndir. 2022-ci ildən Orta Dəhliz boyunca tranzit yüklərində 90 %-ə yaxın artım müşahidə olunur. Bu da onunla bağlıdır ki, Xəzər dənizində ən böyük ticarət donanması bizdədir. Eyni zamanda illik yükaşırma gücü 25 milyon tona çatdırılması nəzərdə tutulan Bakı Beynəlxalq Dəniz Limanı mövcuddur. Həmçinin ən qabaqcıl karqo operatorlarının olması və ölkəmizdə 9 beynəlxalq hava limanının fəaliyyət göstərməsi bu proseslərə töhfə verən amillərdən hesab olunur", - deyə o qeyd edib.