Böyük fondların idarəçiləri 2026-cı ildə dünya iqtisadiyyatının artacağını gözləyirlər

Biznes
  • 17 dekabr, 2025
  • 04:14
Böyük fondların idarəçiləri 2026-cı ildə dünya iqtisadiyyatının artacağını gözləyirlər

Portfel menecerləri qlobal iqtisadiyyatın gələcəkdə böyümə sürətinin artacağına getdikcə daha çox inanırlar.

"Report"un "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu "Bank of America" (BofA) analitiklərinin 2025-ci ilin sonunda 569 milyard dollar dəyərində aktivi idarə edən 203 menecer arasında keçirdiyi son sorğu sübut edir.

2026-cı ildə qlobal iqtisadiyyatın böyümə tempinin artacağına əmin olan respondentlərin sayı, hələ də yavaşlama gözləyənlərin sayını 18% üstələyib. Fond menecerləri 2021-ci ilin avqustundan bəri bu dərəcədə nikbin olmayıblar.

Bazar iştirakçıları faktiki olaraq yeni il üçün əsas gözləntilərinə yenidən baxıblar. Ticarət müharibələrinin ABŞ və dünya iqtisadiyyatının ləngiməsinə səbəb olacağı ilə bağlı narahatlıqlar özünü doğrultmayıb və son məlumatlar artımın davam etdiyini göstərir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) məlumatına görə, 2025-ci ilin üçüncü rübündə G20 iqtisadiyyatının artımı (ABŞ istisna olmaqla) rüblük ifadədə aprel-iyun aylarındakı 0,7%-dən 0,8%-ə qədər sürətlənib. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, üçüncü rübdə ölkənin ÜDM-i ikinci rübün sonundakı 3,8%-ə qarşı 2,7% artıb, lakin bu azalma, əsasən, şatdaun (hökumətin fəaliyyətinin dayanması) ilə bağlıdır.

Dünya tənzimləyicilərinin faiz dərəcələrini aşağı salmaq istiqamətində davam edən addımları investorların nikbinliyini daha da artırır. BofA-nın məlumatına görə, son iki il ərzində mərkəzi banklar faiz dərəcələrini təxminən 320 dəfə aşağı salıblar ki, bu da son 25 ilin ən uzunmüddətli dövrü olub. Üstəlik, hazırkı faiz endirimi dövrü resessiya (tənəzzül) əlamətləri olmadan və inflyasiyanın nəzarət altında olduğu şəraitdə baş verir.

Son xəbərlər

Bütün Xəbər Lenti