Səfir: Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması üçün təkliflər paketi hazırlanmalıdır - MÜSAHİBƏ

Səfir: Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması üçün təkliflər paketi hazırlanmalıdır - MÜSAHİBƏ Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Qazaxıstandakı diplomatik missiyasına 2021-ci ilin sentyabrın 1-də başlayıb. “Report”a eksklüziv müsahibəsində o, Qazaxıstandakı fəaliyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda əldə edilən
Xarici siyasət
23 Dekabr , 2024 11:11
Səfir: Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması üçün təkliflər paketi hazırlanmalıdır - MÜSAHİBƏ

Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Qazaxıstandakı diplomatik missiyasına 2021-ci ilin sentyabrın 1-də başlayıb. “Report”a eksklüziv müsahibəsində o, Qazaxıstandakı fəaliyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda əldə edilən nailiyyətlər və onların gələcək inkişaf perspektivləri barədə məlumat verib.

- Qazaxıstan və Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini və ticari-iqtisadi əməkdaşlıq sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Qazaxıstanla əməkdaşlığın inkişafı və genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ortaq etnik köklər, din, tarix, oxşar mədəni dəyərlər xalqlarımızı birləşdirən təməldir.

Əməkdaşlıq üçün ən perspektivli sahələr neft-qaz sənayesi, nəqliyyat və logistika, rəqəmsal kommunikasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji və “yaşıl enerji”nin inkişafı, həmçinin mədəni-humanitar sahədir.

Hər iki ölkə ticarət dövriyyəsinin artırılması üçün yaxşı potensiala malikdir. İqtisadi-ticari əməkdaşlığının inkişafında təkcə dövlət qurumları arasında deyil, biznes və investorlar arasında da birbaşa əlaqələrin qurulması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə müəyyən işlər görülür, artıq hiss olunan nəticələr var: möhkəm hüquqi baza yaradılıb, müqavilələr imzalanır.

Lakin mənim fikrimcə, özəl sektor nümayəndələri arasında şəxsi münasibətlər və əlaqələr mühüm rol oynayır. Daha səmərəli nəticələr üçün sahibkarlarımız arasında sıx qarşılıqlı əlaqə lazımdır. Ticari-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya buna öz töhfəsini verir və qərarlar mərhələli şəkildə həyata keçirilir.

Mühüm strukturlardan biri də biznes əlaqələrinin qurulması üçün əlverişli platforma olan Azərbaycan-Qazaxıstan İşgüzar Şurasıdır. Şuranın qərarları ticari-iqtisadi əməkdaşlığı, sənaye və texnoloji parklarda birgə müəssisələrin yaradılmasını, Azad İqtisadi Zonalar arasında əlaqələri stimullaşdırır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı bu ilin martında keçirilən ikinci iclasda hər iki tərəfdən 70-dən çox şirkət iştirak edib. Məncə, belə iclaslar yalnız rəsmi səfərlər çərçivəsində deyil, daha tez-tez keçirilməlidir ki, şirkətlər üçün əlaqələrin qurulmasında azad meydan olsun. Biz səfirlik olaraq bu işdə dəstək verməyə hazırıq.

Son illərdə əmtəə dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur. Lakin bu son hədd deyil. Qarşılıqlı ticarət həcmini 1 milyard ABŞ dollarına çatdırmaq vəzifəsi qarşıya qoyulub. İqtisadi potensialımızı nəzərə alsaq, bu, tam əldə edilə bilən hədəfdir.

- 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon ABŞ dolları təşkil edib. Üstəlik, onun əsas hissəsini – 85 %-dən çoxunu Qazaxıstan ixracı təşkil edib. Bu disproporsiyanı necə düzəltmək olar?

- Bizim təhlilimiz göstərir ki, Qazaxıstanda Azərbaycan ərzaq və kənd təsərrüfatı məhsullarına böyük maraq var. Azərbaycanın isə Qazaxıstanda istehsal olunan müəyyən növ mallara marağı var. Bu sahədə fəaliyyətimizi genişləndirməklə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına nail ola bilərik.

Biz, həmçinin görürük ki, məhsullarımız Qazaxıstan bazarında əsasən böyük şəhərlərin mağazalarının rəflərində təqdim olunur, lakin nə çeşid, nə də malların miqdarı bizi qane etmir. Bizim üzərində işləməli olduğumuz məsələlər var.

Fikrimcə, qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılması üçün iqtisadi tədbirlər paketi hazırlanmalıdır. Artıq yaradılmış hüquqi bazadan əlavə, hər iki tərəfin ticarəti genişləndirmək üçün ciddi niyyəti var.

- Qazaxıstan Prezidenti bildirib ki, ölkə perspektivdə öz neftinin 20 milyon tonunu Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql etməyi planlaşdırır. Lakin bunun üçün, aydındır ki, həm Aktau, həm də Bakı limanlarının tutumunu sinxron şəkildə genişləndirmək lazımdır. Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?

- Azərbaycan və Qazaxıstan ənənəvi enerji ixracatçılarıdır. Son illərdə neft tranziti sahəsində əməkdaşlığın tədricən artdığını müşahidə edirik. Əldə edilmiş razılaşmalara əsasən, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.

Belə ki, 2023-cü ildə BTC ilə 1,3 milyon ton Qazaxıstan nefti ixrac edilib. Bu isə 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur. Cari ildə isə BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bakı Dəniz Limanının gücünün tədricən artırılması hesabına tranzit həcmlərinin artırılması planları var.

- Son illərdə dünyada geosiyasi vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta Dəhliz) maraq artıb. Azərbaycanda bu beynəlxalq layihə üçün nə edilir?

- Bu gün TBNM və ya Orta Dəhliz adlandırılan marşrut tədricən öz potensialını meydana çıxarır. O, regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm layihələrdən biridir.

Ölkələrimiz Uzaq Şərqi Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən, multimodal tranzit sistemi kimi nəzərdən keçirilən dəhlizin imkanlarının genişləndirilməsi üçün əməkdaşlığını gücləndiriblər.

25 noyabr 2022-ci ildə Qazaxıstanın Aktau şəhərində Orta Dəhlizin inkişafı üzrə "Yol Xəritəsi" qəbul edilib və uğurla həyata keçirilir.

Azərbaycanda artıq TBNM-in müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və uğurla fəaliyyət göstərir, eyni zamanda onun texniki modernizasiyası üzərində iş davam edir. Yaxın gələcəkdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti hazırkı 15 milyon tondan 25 milyon tona qədər artacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti isə hazırkı 1 milyon tondan 5 milyon tona qədər artacaq.

Beləliklə, Orta Dəhlizin rəqabət qabiliyyəti artır və rəqəmlər bunu aydın göstərir. Belə ki, 2023-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 2,76 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 65 % çoxdur. 2024-cü ilin 10 ayı ərzində ümumi yük daşımalarının həcmi 3,8 milyon tona çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 68 % çoxdur. Yanvar-oktyabr aylarında konteyner daşımaları 46,3 min TEU təşkil edib. Bu da 2023-cü ilin göstəricisindən təxminən üç dəfə çoxdur.

- İki ölkə beynəlxalq siyasi və iqtisadi platformalarda necə əməkdaşlıq edir?

- Hər iki ölkə BMT, Türk Dövlətləri Təşkilatı (TDT), AQEM, SPECA, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda təmsil olunur və uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsi mövcuddur.

İki ölkənin xarici işlər nazirlikləri hər il siyasi məsləhətləşmələr keçirir, ölkələrimizin əksər beynəlxalq və regional məsələlər üzrə mövqeləri üst-üstə düşür.

Qonşu qardaş ölkələri birləşdirən, beynəlxalq səviyyədə böyük siyasi çəkisi və nüfuzu olan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirmək istərdim. Türk İnvestisiya Fondunun yaradılması kimi təşəbbüs TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə ciddi töhfə verməlidir.

Azərbaycan 2024-2026-cı illərdə qərargahı Astanada yerləşən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək. Hesab edirəm ki, üzvləri arasında dünyanın aparıcı dövlətlərinin olduğu AQEM regional gündəliyin məsələlərinin irəli aparılması baxımından mühüm platforma rolunu oynayır. Hazırda biz sədrliymizi dolğun etmək üçün AQEM katibliyi ilə fəal əməkdaşlıq edirik.

Ümumilikdə, ölkələrimiz arasında beynəlxalq təşkilatların tədbirlərində qarşılıqlı iştirak ənənəsi mövcuddur. Nümunə olaraq qeyd etmək istəyirəm ki, 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana iki dəfə işgüzar səfər edib. Birinci dəfə iyulun 4-də “ŞƏT+” formatında Astana Sammitində, ikinci dəfə isə avqustun 9-da Mərkəzi Asiya və Azərbaycan liderlərinin görüşündə iştirak üçün səfər edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə öz növbəsində bu il Azərbaycana üç dəfə səfər edib. İlk səfər martın 11-12-də dövlət səfəri olub. Sonra o, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün, noyabrın 12-13-də isə COP29 beynəlxalq iqlim sammitinə gəlib. Bütün bunlar bir daha müttəfiqlik münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

- Qazaxıstanda böyük Azərbaycan diasporu var. Onun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Qazaxıstanda müxtəlif millətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Ölkədə müxtəlif millətlərin nümayəndələrinin daxil olduğu Qazaxıstan Xalqları Assambleyası kimi unikal bir qurum fəaliyyət göstərir. Müxtəlif millətlərin nümayəndələri, həmçinin parlamentdə və icra hakimiyyəti orqanlarında təmsil olunurlar.

Həmvətənlərimiz Qazaxıstanın siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. Azərbaycanlıların diaspor təşkilatları bütün böyük Qazaxıstan şəhərlərində fəaliyyət göstərir. Onlar mədəni-humanitar və işgüzar əlaqələrin inkişafında mühüm rol oynayırlar. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin layiqli vətəndaşları kimi iki qardaş xalqın yaxınlaşmasına töhfə verirlər.

- Artıq üç ildir ki, Qazaxıstandakı missiyanıza başlamısınız. Astana haqqında ilk təəssüratlarınız nələrdir? Siz cənub ölkəsindən olan bir insansınız, burada isə küləklər və şaxtalar var...

- Bu şəhər artıq üç ildən çoxdur ki, mənim evimdır. Astana - inkişaf etmiş infrastrukturu, özünəməxsus memarlığı və aktiv mədəni həyatı olan gözəl şəhərdir. Burada həmişə baxmağa, dinləməyə, öyrənməyə və ilham almağa nə isə var. Boş vaxtlarımda tez-tez ailəmlə birlikdə teatrlara, konsertlərə gedir, muzeyləri ziyarət edirəm. Xüsusilə Astana operası xoşuma gəlir.

Bu il Qazaxıstanın paytaxtında Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Burada mədəniyyət xadimlərimizdən ibarət böyük nümayəndə heyəti iştirak etdi.

Astananın şaxtalarına gəlincə, etiraf edim ki, yerli sərt iqlimə alışmaq asan olmadı. Lakin zamanla ailəmlə birlikdə öyrəşdik, xüsusilə də burada insanların özlərini rahat hiss etmələri üçün bütün şərait yaradılıb.

Qazaxıstanlıların öz şəhərlərinə münasibəti də xoşuma gəlir. Burada tez-tez ağac əkmədə iştirak edə biləcəyiniz iməciliklər keçirilir. Daim Astananın abadlaşdırılması ilə bağlı işlər aparılır. Həmkarlarımla birlikdə mən də bir neçə dəfə "Таза Қазақстан" ekoloji aksiyalarında iştirak etmişəm. Belə ki, hər şey xoşuma gəlir!

Son xəbərlər

Orphus sistemi