Ceyhun Bayramov Qvineya-Bisaulu həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib - YENİLƏNİB
Ceyhun Bayramov Qvineya-Bisaulu həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib - YENİLƏNİBXarici işlər naziri Ceyhun Bayramovun Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ilə görüşü keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov və Karlos Pinto Pereira arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan XİN başçısı iki ölkə arasında qarşılıqlı təmasların, o cümlədən ali və yüksək səviyyəli səfərlərin əməkdaşlığımızın inkişafında vacib rolundan bəhs edib, bu istiqamətdə Qvineya-Bisau Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfəri, habelə səfər zamanı iki ölkə başçısı arasında baş tutan görüşün əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin işlək vəziyyətə gətirilməsinin vacibliyi diqqətə çatdırılıb. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təbii ehtiyatların işlənməsi və dövlət xidmətlərinin təmini üzrə təcrübə mübadiləsi, habelə təhsil və təlimlərin təşkili sahələrində əməkdaşlıqda təqaüd proqramları və imkanlarından istifadənin zəruri olduğu vurğulanıb.
Xüsusilə vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində “ASAN xidmət” modelinin tətbiqi üzrə Azərbaycanın əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.
Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verildiyi vurğulanaraq bu istiqamətdə xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə qəbul olunan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin, habelə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərini pandemiyadan sonrakı dövrdə dəstəkləmək istiqamətində elan olunan iki çağırışın əhəmiyyəti diqqətə çatdırılıb.
BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində ümumi maraqların irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyi barədə məlumat verib.
Daha sonra tərəflər Azərbaycan ilə Qvineya-Bisau arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.
Yekunda nazirlər görüşün nəticələrinə dair təşkil olunmuş mətbuat konfransında bəyanatla çıxış ediblər.
12:44
Xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira arasında geniş tərkibdə görüş keçirilib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.
C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.
11:56
Xarici işlər naziri Ceyhun Bayramovun Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşü keçirilir.
“Report” xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.
Qeyd olunub ki, nazirlər arasında hazırda təkbətək görüş keçirilir.
Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan and Minister of Foreign Affairs, International Cooperation and Communities Carlos Pinto Pereira of the Republic of Guinea-Bissau just started @AzerbaijanMFA. pic.twitter.com/UcNtjLDdXT