Xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşüb. Nazir B.Lumu təyinatı münasibətilə təbrik edib, ona yeni vəzifəsinin icrasında uğurlar arzulayıb.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
Görüş zamanı müqabil tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə məlumatlandıran C.Bayramov Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü və Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edən bu ağır dövrdə Qaçqınlar üzrə Ali Komissarlığın ölkəmizlə əməkdaşlığını məmnuniyyətlə xatırladığını bildirib.
Nazir həmçinin münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib. Ceyhun Bayramov ölkəmizin həmçinin erməni sakinlərin reinteqrasiyasında qərarlı olduğunu vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.
BMT nümayəndəsi Azərbaycanla təmsil etdiyi qurum arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yeni təyin olunduğu vəzifəsində bu müsbət dinamikanı saxlamağa çalışacağını və bu istiqamətdə əlindən gələni əsirgəməyəcəyini bildirib. Azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyini, onların öz yurdlarına qayıdışının təmin olunması ilə bağlı təmsil etdiyi qurum tərəfindən dəstək göstərilməsinə hazır olduqları qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb