Bakıda neokolonializmə həsr olunmuş beynəlxalq konfransda bəyanat qəbul edilib - YENİLƏNİB

Xarici siyasət
  • 19 fevral, 2026
  • 17:26
Bakıda neokolonializmə həsr olunmuş beynəlxalq konfransda bəyanat qəbul edilib - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə fevralın 19-da "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda ABŞ, Qvadelupa, Korsika, Yeni Kaledoniya, Reyunyon, Qəmər adaları, Belçika, Almaniya, Əlcəzair, Toqo, Kamerun və Martinikdən olan siyasətçilər, alimlər, ictimai xadimlər və müstəqillik hərəkatlarının nümayəndələri, eləcə də neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak ediblər.

Panel müzakirələr çərçivəsində "Müstəmləkəçiliyin epigenetik faktoru", "Müstəqillik hərəkatları müstəmləkə düzəninə necə üstünlük qazandı?", "Müstəmləkə imperiyaları dünyanı necə bölüşdürdü: sərhədlər, güc və davam edən nəticələr" və "Fransız assimilyasiya siyasəti kimliyi necə yenidən formalaşdırdı?" mövzularında çıxışlar dinlənilib.

Müzakirələr zamanı müstəmləkəçilik irsinin psixoloji və bioloji təsirləri, nəsillərarası travmalar, sosial nəticələr, eləcə də mədəniyyət, dil və identiklik məsələləri ön plana çıxarılıb. Çıxış edənlər müstəmləkəçilik irsinin aradan qaldırılmasının, dekolonizasiya proseslərinin sürətləndirilməsinin və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Konfrans iştirakçıları qlobal bərabərsizliyin tarixi köklərinin araşdırılmasının və müasir çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Sonda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, konfransın iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur səbəblərini tanıyaraq, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suverenlik hüquqlarını dəstəkləyir, dekolonizasiyanı davamlı öhdəlik kimi qəbul edir və beynəlxalq həmrəylik prinsipinə sadiqlik nümayiş etdirirlər. İştirakçılar beynəlxalq institutlarda islahatların həyata keçirilməsini, bərabərsizliklə mübarizəni, elmi araşdırmalar və ictimai dialoqun gücləndirilməsini, ədalətli və suverenliyə hörmət edən tərəfdaşlıqların təşviqini çağırış edirlər.

Bakı Təşəbbüs Qrupu isə Virtual Kolonializm Muzeyi vasitəsilə qlobal dekolonizasiya prosesinə verdiyi töhfəyə görə təqdir olunub.

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans başlayıb.

"Report" xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar.

Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə bağlı məsələləri, müstəmləkəçi dövlətlərin qanunsuz fəaliyyəti nəticəsində yaranan struktur problemləri müzakirə edəcəkləri gözlənilir.

Bu təcrübənin sənədləşdirilməsi, təhlili və beynəlxalq səviyyəyə çıxarılması üçün informasiyaya çıxış mövzusu da tədbirinin gündəmində olacaq.

Rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, kolonializmi tədqiq edən beynəlxalq tədqiqat qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin edilməsi məsələləri də bu gün nəzərdən keçiriləcək.

Qeyd edək ki, tədbir Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilir.