Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib

Xarici siyasət
  • 25 oktyabr, 2026
  • 10:07
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib

Azərbaycanlı politoloq Anastasiya Lavrina Çinin Sünan şəhərində keçirilən Qlobal İdarəetmə Forumu – 2026-da Azərbaycan-Çin əməkdaşlığının inkişafı, Orta dəhlizin əhəmiyyəti və beynəlxalq institutların islahatı zərurəti barədə danışıb.

"Report"un məlumatına görə, Çin Xalq Xarici İşlər İnstitutunun təşkil etdiyi forum beynəlxalq etimadın möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı və daha ədalətli qlobal idarəetmə sisteminin formalaşdırılmasına həsr olunub.

Oktyabrın 23-də keçirilən açılış mərasimində Çinin xarici işlər naziri Van İ çıxış edib və Çin Sədri Si Cinpinin müraciətini oxuyub. Müraciətdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin yaradılması üçün birgə səylərin vacibliyi vurğulanıb.

Van İ beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə riayət olunmasının, BMT-nin mərkəzi rolunun gücləndirilməsinin və inkişaf etməkdə olan ölkələrin beynəlxalq qərarların qəbulunda iştirakının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Forumda "Milli təhlükəsizlik" istiqaməti üzrə Çin Xalq Universitetinin Qlobal Liderlik Məktəbinin doktorantı, Yeni Azərbaycan Partiyasının üzvü Anastasiya Lavrina da iştirak edib.

O, oktyabrın 25-də Çin Xalq Universitetinin iştirakı ilə təşkil olunan "Yeni şəraitdə regional valyuta əməkdaşlığının yolları və təcrübələri" mövzusunda dəyirmi masada çıxış edib.

Lavrina bildirib ki, Azərbaycan və Çin arasında münasibətlərin inkişafı qarşılıqlı etimada, suverenliyə hörmətə və ortaq iqtisadi maraqlara əsaslanır. Bu amillər uzunmüddətli tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.

Politoloq Çin və Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta dəhlizin əhəmiyyətinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişafı maliyyə mexanizmlərinin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır. Marşrut boyunca fəaliyyət göstərən müəssisələr, dəmir yolu operatorları, limanlar və logistika şirkətləri üçün etibarlı transsərhəd ödənişlər, şəffaf hesablaşma qaydaları və ölkələr arasında razılaşdırılmış prosedurlar xüsusi əhəmiyyət daşıyır.

Qlobal idarəetmə məsələlərinə toxunan Lavrina Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq institutların, ilk növbədə, BMT və onun Təhlükəsizlik Şurasının islahatı zərurəti ilə bağlı mövqeyini xatırladıb.

O, dövlətlərin və regionların ədalətli təmsilçiliyinin, beynəlxalq mexanizmlərin səmərəliliyinin artırılmasının və beynəlxalq hüquq normalarının ardıcıl tətbiqinin vacibliyini vurğulayıb.

"Prezident İlham Əliyev, xüsusilə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və Afrika İttifaqının BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsinin tərəfdarı kimi çıxış edib", – deyə Lavrina bildirib.

Politoloq ədalətli qlobal idarəetmə sistemi ilə praktiki regional əməkdaşlıq arasında qarşılıqlı əlaqənin olduğunu da qeyd edib. Onun sözlərinə görə, dövlətlərin ümumi qaydaların hazırlanmasında iştirakı, nəqliyyat əlaqələrinin və əlçatan maliyyə mexanizmlərinin inkişafı etimadın möhkəmlənməsinə, davamlı sülhə və birgə inkişafa töhfə verir.

44 filmi