İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Ələt Azad İqtisadi Zonası (AFEZ) arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, Agentliyin idarəçiliyində olan sənaye zonalarının məlumat lövhəsinin Zonada yerləşdirilməsi və s. məsələlər müzakirə edilib.
"Report" bu barədə İZİA-ya istinadən xəbər verir.
Məlumata görə, Agentliyin təşkilatçılığı ilə AFEZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Sənaye parklarının rezidentlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev sənaye zonalarında investorlar üçün yaradılan imkanlar, AFEZ-lə əməkdaşlıq prespektivləri barədə məlumat verib.
V.Ələsgərov isə AFEZ iqtisadi zonada rezidentlərin qeydiyyat prosedurları, investorlar üçün tətbiq edilən fiskal və qeyri-fiskal imtiyazlardan danışıb, sənaye zonalarının rezidentlərini AFEZ-in rezidentləri ilə əməkdaşlıq əlaqələri qurmağa dəvət edib. Daha sonra o, Parkda görülmüş işlərlə, Parkın rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.