Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Libya Press" portalı məlumat yayıb.

Məlumata görə, partlayış Əl-Harşa bölgəsindəki "Radar" düşərgəsində təlim zamanı baş verib.

Həlak olanlar Təhlükəsizlik Təhdidləri əleyhinə Xidmətin rəisi Məhəmməd Bəhrunun tabeliyindəki bölmələrin əməkdaşlarıdır. Portal bildirib ki, Bəhrunun nəzarəti altında olan həbsxanalara rəhbərlik edən şəxs də zərərçəkənlər arasındadır. Şahidlərin sözlərinə görə, o, ağır yaralanıb.

Tripolinin qərbində yerləşən Əz-Zaviyə böyük neft emalı zavodu və neft limanına ev sahibliyi edir. Şəhər son vaxtlar ərazi üzərində təsir və nəzarət uğrunda mübarizə aparan silahlı qruplaşmalar arasında dəfələrlə toqquşmalar məkanına çevrilib. Döyüşlər yolların bağlanmasına və infrastrukturun pozulmasına səbəb olub.