Çətin və ağır dövrdə göstərdiyi humanitar dəstəyə və həyata keçirdiyi layihələrə görə paytaxt sakinlərimiz adından Azərbaycan xalqına minnətdarıq. Xüsusilə Kiyevdə həyata keçirilən aktiv “yaşıl missiya”, Azərbaycan tərəfindən atılan nümunəvi addımdır.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev meriyasının Ətraf mühit üzrə İdarəsinin rəisi Oleksandr Voznıy bildirib.
"Kiyevdə salınmış Heydər Əliyev parkı ən möhtəşəm, ən gözəl parklardan biridir. Onu gözəl edən özündə yaşıl divarları, hedcinqləri və London muzeyində nümayiş etdirilən əfsanəvi xalçanızın formasında hazırlanmış unikal fəvvarəni birləşdirməsidir. Park kiyevlilərə bura gəlib özlərini rahat hiss etməyə, ölkəmizdə baş verən vəziyyətdən ruhən rahatlanmağa imkan verən məkandır", - Voznıy vurğulayıb.
Meriya rəsmisi qeyd edib ki, bu yaxınlarda Azərbaycan səfirliyi və Kiyev meriyasının təşəbbüsü ilə paytaxtın ən məşhur parkı olan “Natalka” parkında likvidambr və dekorativ alma ağacları əkilib və bu əkinlər parkı ziyarətçilər üçün daha da maraqlı və cəlbedici edəcək: "Ümumiyyətlə, bizim Kiyevdə bir neçə belə park var. Heydər Əliyev parkından bir az aralıqda, Siçovıx Striltsiv küçəsində sizin məşhur müğənniniz Müslüm Maqomayevin adını daşıyan və onun abidəsinin qoyulduğu park da var. Eyni zamanda Azərbaycan və Ukrayna xalqlarının Dostluğu Parkı da var. Buna görə də əminliklə deyə bilərik ki, Kiyev və Azərbaycan burada belə simvolik "yaşıl zonalar"ın yaradılması istiqamətində çox fəal şəkildə irəliləyirlər", - əlavə edib.