“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir”.
“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” parlament fraksiyasından olan deputat Qaqik Melkonyan sentyabrın 11-də parlamentdə keçirdiyi brifinq zamanı bildirib.
“Lavrov ölkəmizi məhvə sürükləmək istəyir. Onun proqramında ermənilər üçün faydalı nə görübsünüz? Rusiya həmişə bizim yerimizə düşünüb, qərar verib, hara getməyi, kimlə dostluq etməyi deyib”, - deputat vurğulayıb.
Q.Melkonyan qeyd edib ki, Ermənistan özünə arxalanmalı, eyni zamanda dostlar axtarmalıdır: “Biz indiyədək həmişə Rusiyaya ümid etmişik. O bizə şərt qoyub: Rusiya Federasiyası, yoxsa Türkiyə. Biz Rusiyanı seçdik. Ancaq dost olacaq başqa ölkələr də var: Hindistan, Avropa ölkələri, ABŞ, İran”.
Deputat Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyin mənasız olduğunu bildirib.