Düjarrik: BMT İranda baş verən hadisələri yaxından izləyir
- 09 yanvar, 2026
- 22:01
Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən hadisələri yaxından izlədiyini və etirazlar fonunda ölənlərin olması ilə bağlı dərin narahatlıq keçirdiyini bəyan edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
S. Düjarrik bildirib ki, təşkilat İrandakı vəziyyəti diqqətlə izləyir və baş verənlər nəticəsində insan itkilərinin olması ciddi narahatlıq doğurur. O vurğulayıb ki, dünyanın istənilən yerində insanlar dinc şəkildə etiraz etmək hüququna malikdir və hökumətlərin vəzifəsi bu hüququ qorumaqdır.
O, BMT-nin İrandakı personalının vəziyyəti ilə bağlı da məlumat verib. S. Düjarrikin sözlərinə görə, hazırda BMT əməkdaşlarının hamısı təhlükəsizlikdədir. Bununla belə, ölkədə internet və rabitə xidmətlərində fasilələrin olduğu, bu səbəbdən əlaqənin çətinləşdiyi qeyd olunub.