“Dinc Dağlıq Qarabağ Azərbaycanın suveren hissəsi kimi bölgədə sabitliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər ABŞ-ın Avropadakı qoşununun keçmiş komandanı, general-leytenant Ben Xocesin “EUObserver” nəşrindəki məqaləsində yer alıb.
Onun sözlərinə görə, azərbaycanlılar bölgədə erməni icmasının təhlükəsizliyini təmin etmək, həmçinin onların mədəni yerləri və artefaktlarının qorunması ilə bağlı üzərlərinə öhdəlik götürüblər: “Ümidimiz üçün əsasımız var. İşğal altında olan bölgə istisna olmaqla, bu gün 30 mindən çox erməni Azərbaycanı vətən adlandırır”.
B.Xocesin fikrincə, Qərb hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsində Bakıya mövqeyini müdafiə etməyə kömək etməlidir, belə ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
General-leytenant yaranmış vəziyyətdə ABŞ və Avropanın kənarda qalmasını uyğun seçim olmadığını qeyd edib: “Dağlıq Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Şərq və Qərb arasında yeganə quru dəhliz Azərbaycandan keçir. Bu əslində daha böyük Qara dəniz regionunun iqtisadi potensialının inkişafı üçün açardır və Qərb artıq yubanmamalıdır”.