"Dərədən axan sudan içmək istədiyimiz zaman düşmən oranı atəşə tutdu".
Bu sözləri Vətən müharibəsi iştirakçısı olmuş Daşkəsən rayon sakini Rüfət Məmmədov "Report"un Qərb mərkəzinin müxbiri ilə söhbətində deyib.
R.Məmmədov müharibə başlayandan 2 gün sonra səfərbərlik xətti ilə hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə bir müddət təlim keçdikdən sonra əvvəlcə işğaldan azad edilmiş Füzuliyə aparılıb, sonra Xocalının Sığnaq kəndinə getmələri tapşırılıb:
"Biz çətin yolları keçərək ora gedən zaman düşmən 2 sursat maşınımızı vurdu. Həmin yol meşəlik ərazinin içərisindən keçirdi. Orada bir yer var idi ki, açıqlıq idi, düşmən oranı 3 tərəfdən yaxşı görürdü. Gecə maşınların işıqlarını söndürüb irəliləyirdik. Düşmən həmin ərazidə bizim 2 maşınımızı vurdu. Buna baxmayaraq, bizə verilən tapşırığı yerinə yetirmək üçün yolumuza davam etdik. Şuşa-Xankəndi yolu istiqamətinə getdik. Düşmən yol boyu bizim olduğumuz əraziləri atəşə tuturdu".
O bildirib ki, düşmən dronları mütəmadi olaraq uçuşlar keçirirdi: "Meşəlik ərazi olduğundan düşmən dronların verdiyi koordinatları tam dəqiq vura bilmirdi, hara gəldi atəş açırdılar. Biz daha sonra məlumat aldıq ki, ermənilər əks-hücuma keçmək istəyir, həmin hücumun qarşısını almaq üçün qruplara bölünərək "İsa bulağı" deyilən əraziyə qədər gəldik. Tapşırığa əsasən orada olan düşməni məhv etməliydik. Lakin baxdıq ki, düşmən oradan qaçıb, heç kim yox idi. Bundan sonra biz Laçın dəhlizi istiqamətinə hərəkət etdik. Düşmən dronlarla meşəlik ərazilərə nəzarət edirdi. Düşmən isə yenə hara gəldi minamyot və iriçaplı silahlardan ərazini atəşə tuturdu. Havanın isti olması bizi həm çox yorurdu, həm də susuzluqdan əziyyət çəkirdik. Üzərimizdə olan çoxda vacib olmayan əşyaları atırdıq ki, hərəkətimizə ağırlıq yaratmasın.
Noyabrın 9-da Laçın dəhlizi istiqamətində hərəkət edən zaman meşəlik ərazidə ermənilərə məxsus olan bir it bizim yanımıza gəldi, iti yanımızdan qovsaq da, yenə qayıdıb gəlirdi və bizimlə bərabər o da gedirdi. Bu zaman gördük ki, düşmənin atdığı minamyot mərmiləri lap yaxınlığımıza düşür. Bu zaman bizdə şübhə yarandı ki, bəlkə, düşmən həmin itin üzərinə nəsə qoşub. Həm bu şübhə, həm də itin tez-tez hürrərək səs etməsi səbəbindən iti qovsaq da, getmədiyindən onu güllə ilə vurmağa məcbur olduq. Mövqeyimiz bilindiyindən yerimizi dəyişdik. Bizdən uzaq olan yüksəklikdəki bir çox düşmən bizim Ordu tərəfindən sonradan məhv edildi və irəliləməyimiz biraz rahat oldu.
Komandirin verdiyi qərarla dərəyə düşdük və ora ilə irəliləməyə başladıq. Bizim öncə olduğumuz yer isə düşmən tərəfindən minamyot atəşinə tutuldu. Biz dərə ilə gedən zaman orda qarşımıza su çıxdı. İsti havada hamımız susamışdıq,su içmək istəyən zaman düşmən oranı minamyot atəşinə tutdu. Təəssüf ki, 11 şəhidimiz 33 yaralımız oldu. Yaralı əsgərlərimizin çoxu bizdən su istəyirdi, həmin an tibbi nöqteyi-nəzərdən yaralıya su vermək olmaz, sadəcə üzünə və dodaqlarına su vururduq ki, biraz da olsa, susuzluqları azalsın. Həmin an insanın aciz qaldığı andır. Yaralıları və şəhidlərimizi oradan təxliyə etdikdən sonra, yenə öndə hərbi hissə komandiri, arxasınca da biz yolumuza davam etdik, verilən tapşırığı yerinə yetirdik və həmin əraziyə çatdıq. Komandir düşmənin bizim əsgərləri atəşə tutduğu yerləri dəqiqləşdirib koordinatları ötürdü və Ordumuz düşmənin həmin mövqelərini məhv etdi. Ondan sonra düşmən bizi atəşə tuta bilmədi. Səhər isə eşitdik ki, sülh imzalanıb müharibə bitib."
R.Məmmədov onu da bildirdi ki, onunla bərabər döyüşən yoldaşlarının içərisində hamsı qəhrəmanlıq göstərib. Hətta onlardan biri yaralı olsa belə, son günə qədər tərxis olunmaq istəməyib:
"Müharibə bitdi, sülhməramlılar Laçın dəhlizinə gəldi və sonra biz oradan çıxaraq Cəbrayıl ərazisinə gəldik və xidmətinizə orda davam etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Mən fəxr edirəm ki, şərəfli Vətən müharibəsində iştirak etmişəm, bununla qürur duyuram. Ehtiyac yaranarsa, yenidən Vətənin keşiyində durmağa hazıram".