Qazaxıstanlı nazir dezinformasiyanın monitorinqi üçün vahid ekspert platformasının yaradılmasını təklif edib
- 18 dekabr, 2025
- 12:12
Dezinformasiyanın monitorinqi üçün vahid ekspert platformasının yaradılması təklif olunur.
"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu təkliflə Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxış edib.
Onun sözlərinə görə, Türk dünyasının dezinformasiya ilə mübarizədə kollektiv potensialını artırmaq məqsədilə bir sıra praktiki tədbirlər görülməlidir:
"Dezinformasiyanın monitorinqi üçün vahid ekspert platforması yaradıla bilər. Daha sonra şəbəkə-analitik əks-tədbirlərin inkişafı üzrə müntəzəm tədqiqatların aparılması da məqsədəuyğundur. Yeni mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın gücləndirilməsi də diqqətdə saxlanılmalıdır".
Nazir həmçinin qeyd edib ki, praktik addımlar sırasında fakt-yoxlama təşəbbüslərinin dəstəklənməsi, strateji kommunikasiya üzrə mütəxəssislərin hazırlanması və müasir "böyük məlumatlar" (big data) analitika texnologiyalarının tətbiqi də mümkündür.