"Global Media Group"un təşəbbüsü ilə “Haber Global” televiziyasının təlimçiləri media nümayəndələrinə müharibələrdə, fövqəladə hallarda və digər ekstremal şəraitdə peşə fəaliyyətini yerinə yetirərkən təhlükələrdən qorunmağı, həmin vəziyyətlərdə həyatda qalmağı öyrədən "Müharibə və böhran bölgələrində müxbirlik" adlı praktik və nəzəri təlimləri keçiblər.
"Report" xəbər verir ki, ehtiyatda və təqaüddə olan ordu mənsubları tərəfindən Xızı rayonunda, dağlıq relyefdə təşkil olunan təlimlərdə "Global Media Group"a daxil olan media əməkdaşları iştirak ediblər.
Təlimlərdə media nümayəndələri silah və sursatların taktiki-texniki xüsusiyyətlərini, minalanmış ərazilərdə davranış formalarını, ilkin tibbi yardımı, hərbi topoqrafiyanı, müasir texnologiyalar, eləcə də ənənəvi vasitələrlə istiqaməti müəyyən etməyi, müxtəlif relyeflərdə fəaliyyət göstərərkən lazım olan texnikalardan istifadəni və həmin ərazilərdə həyatda qalmaq üçün digər vacib fəaliyyətləri öyrəniblər.
Təlim proqramında "Haber Global" komandasının dünyanın müxtəlif qaynar nöqtələrində fəaliyyəti zamanı qazandığı təcrübələrin öyrənilməsi də yer alıb. Televiziyanın müxbiri Murat Karataş deyib ki, media nümayəndəsi dünyanın hər hansı bir qaynar nöqtəsinə ezam olunarsa, öncə həmin yer barədə kifayət qədər məlumatlı olmalıdır:
"Çəkiliş heyəti getdiyi ərazinin iqlimini, relyefini, etnik tərkibini, yerli xalqın adət-ənənələrini bilməlidir. Həmçinin, jurnalist əgər müharibə zonasındadırsa, tərəflərin mövqeyini, müharibədə hansı silah-sursatın istifadə olunduğunu da öyrənməlidir. Ərazi haqqında ən dolğun məlumat mənbəyi ölkənizin həmin ərazidə olan diplomatik nümayəndəliyidir. Gündəlik fəaliyyətiniz barədə həmin nümayəndəliyə məlumat verin ki, itkin düşdüyünüz zaman dərhal sizin axtarışınıza başlasınlar. Unutmayın ki, sizin sağlamlığınız, təhlükəsizliyiniz hazırlayacağınız materialdan öndə dayanır. Əgər ərazidə təhlükə hiss edirsinizsə, məsələn, hər hansı bir tələ, mina və yaxud da partlamamış sursatla çirkləndiyindən şübhələnirsinizsə, həmin ərazi təhlükəli olmasa belə, siz elə hesab edin və oraya getməyin".
M. Karataş əlavə edib ki, media nümayəndəsi dünyanın hər hansı bir qaynar nöqtəsinə gedirsə, onun üzərində həyatını asanlaşdıracaq xüsusi vasitələr olmalıdır. Onun sözlərinə görə, ilk olaraq çəkiliş heyətinin iş çantasında “poverbank”, əl fənəri, maska, alışqan, qida, yağış paltarı və çəkmə olması vacibdir.
Təlimatçı-mütəxəssis, ehtiyatda olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, kapitan Turqay Məhərrəmov deyib ki, ərazidə cəhətləri tapmaq üçün bir neçə vasitədən istifadə etmək olar:
"Əgər azdığınızı hesab edirsinizsə, istiqamətinizi tapmaq üçün bir neçə variantınız var. Gecədirsə, bu zaman qütb ulduzuna baxıb şimalı müəyyən edə bilərsiniz, bu ulduz digərləri ilə müqayisədə daha böyük və parlaq görünür. Digəri tərs kəsdirmə üsuludur ki, relyefə görə, olduğunuz yeri müəyyən edə bilərsiniz. Çalışın, müharibə zonasında olduğunuz zaman hər hansı bir tərəfin mövqeyinə yaxınlaşarkən GPS vasitələrindən qısamüddətli istifadə edin, çünki ordularda bu sistemin peykə göndərdiyi siqnalı müəyyən edə biləcək xüsusi vasitələr var. Bu vasitələr həmin siqnalları işıqlanma kimi göstərir və qarşı tərəf sizin olduğunuz yeri müəyyən edə bilir. Müharibədə qanun olmur və ona elə də vacib deyil ki, siz media nümayəndəsisiniz, yaxud düşmən. Onun istifadə etdiyi proqram özünə tərəf yaxınlaşan yad bir cismi görür".
Müxtəlif mövzulardan danışan təlimçi T. Məhərrəmov ilkin tibbi yardım barədə də məlumat verib. Deyib ki, ilk tibbi yardım yaralının aldığı xəsarətə görə müxtəlifdir. Onun sözlərinə görə, bunlar güllə və qəlpə yarası, yanıq, eləcə də boğulma ola bilər.
"Əgər, şəxs güllə və ya qəlpə yarası alıbsa, sizin ilk işiniz qanaxmanı durdurmaqdır, yara ayaqdadırsa, dizdən yuxarı hissəni hər hansı bir vasitə ilə, bu, köynəyiniz də ola bilər, bağlayaraq qanın axımını dayandırın. Yaralının psixoloji durumunu yüksək tutmaq əsas işlərinizdən biridir. Sizin onu xilas edəcəyinizə əmin olmalıdır, əks halda panikaya qapılıb özünü itirə bilər. Çalışın ki, yaralı hissəni həmin adama göstərməyin. Yaranı torpaqdan uzaq tutun və üzərini örtün ki, yerdən torpaq vasitəsi ilə bakteriya bulaşmasın. İlk tibbi yardım zamanı şəxsin öz tibbi çantasından istifadə edin. Qanaxmanı dayandırmağı bacardınızsa, növbəti işiniz digər xəsarətlərin olub-olmadığını müəyyən etməkdir. Əgər həmin hissədə həm də sınıq varsa, qolu və yaxud da ayağı sabit tutmaq üçün hər hansı bir vasitədən istifadə edə bilərsiniz. Yaralanan şəxsin həmin hissəni hərəkət etdirməsinə mümkün qədər imkan verməyin", - təlimçi deyib.
Minaaxtarma üzrə layihə rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Xaliq Hüseynov isə mina və partlamamış hərbi sursatlardan danışıb. O, minaların növləri barədə təlim iştirakçılarını məlumatlandırıb. Həmçinin, Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin yerləşdirdiyi minaların növlərini də sadalayıb.
Qeyd edək ki, dağ-meşə relyefində bir neçə gün davam edən nəzəri və praktik təlimdə iştirakçılar texniki, eləcə də digər lazımi avadanlıqla təmin olunublar.