Bakıda Azərbaycanın, o cümlədən bütün türk xalqlarının ən qədim və önəmli bayramlarından biri, baharın müjdəçisi sayılan Novruz bayramı müxtəlif tədbirlərlə qeyd olunur. Şəhərin mərkəzi hissəsində keçirilən bayram şənliklərinə insan axını var.
“Report”un xəbərinə görə, qədim ənənələrin yaşadıldığı, nümayiş etdirildiyi Novruz tədbirlərinin ilk ünvanı paytaxtın İçərişəhər ərazisidir.
Ötən gün İçərişəhərdə bayram tonqalının qalanması ilə "Bayram Qalası"na start verilib.
Tarixi Qoşa Qala qapılarından içəri girəndə bayram ovqatı hiss olunur.
Azərbaycanın müxtəlif bölgələrindən gələn milli geyimli sənətçilərin musiqi alətlərində ifa etdikləri mahnılar, nümayiş etdirdikləri rəqslər, Novruzun simvolları olan Kosa və Keçəlin oyunları, kəndirbazların ip üzərindəki hərəkətləri maraqla qarşılanır. Bayramda ən çox sevinənlər isə yenə də uşaqlardır.
İçərişəhər sakinləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası davam edir.
Qala içərisində keçirilən tədbirlərə konsert proqramı da daxildir.
Novruz şənlikləri Dənizkənarı Milli Park ərazisində də təntənəli şəkildə qeyd olunur. Novruz atributları ilə bəzədilən bulvar bura gələn şəhər sakinləri və qonaqların marağına səbəb olur.
Qeyd edək ki, “Bayram Qalası” günləri martın 26-na qədər müəyyən saatlarda uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları ilə davam edəcək.
Bakıda keçirilən Novruz şənliyindən fotoreportajı təqdim edirik:
Foto: Firudin Səlimov