Naxçıvanın builki xərclərinin strukturu açıqlanıb
- 07 yanvar, 2026
- 23:01
Bu il Naxçıvan Muxtar Respublikasının büdcəsindən ən çox vəsait 157 milyon 479 min manat olmaqla təhsil sahəsinə yönəldiləcək.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan başqa, məlumata görə, il ərzində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 86 milyon 139 min manat, ümumi dövlət xidmətlərinə 74 milyon 485 min manat, iqtisadi fəaliyyətə 43 milyon 655 min manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 27 milyon 800 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 26 milyon 30 min manat, mənzil və kommunal təsərrüfatına 16 milyon 863 min manat, ətraf mühitin mühafizəsinə 14 milyon 169 min manat, səhiyyəyə 13 milyon 77 min manat, sosial müdafiə və sosial təminata 12 milyon 706 min manat, kənd təsərrüfatına isə 10 milyon 776 min manat xərclənəcək.
Xatırladaq ki, bu il muxtar respublikanın büdcə gəlirləri 483 milyon 178 min manat proqnozlaşdırılır. Bunun 271 milyon 550 min manatı yerli daxilolmalar, 211 milyon 628 min manatı isə dövlət büdcəsindən ayrılan dotasiya olmalıdır.
Ötən illə müqayisədə yerli daxilolmalar üzrə proqnoz 74 milyon 85 min manat artıb, dotasiyanın məbləği isə 64 milyon 120 min manat azalıb. Bu da regionun maliyyə müstəqilliyinin gücləndiyini göstərir.