Cüdo üzrə U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin hazırlıq işləri ilə əlaqədar Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyi məşqçilər və hakimlərlə ayrı-ayrılıqda iclas keçirib.
Qurumdan “Report”a verilən məlumata görə, toplantıda ACF-in prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, digər rəsmi nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
İclasda Azərbaycan birinciliyinə hazırlıq, turnirin təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib. Turnirdə tibbi, təhlükəsizlik və nizam-intizam məsələlərinin yüksək səviyyədə təmin olunması vurğulanıb.
Həmçinin, onlayn qeydiyyat sistemi və məlumat bazasının doldurulması ilə bağlı ətraflı informasiya verilib. Eyni zamanda, millinin məşqçi heyəti ilə birgə illik yerli və xarici yarışların müzakirəsi, turnirlərə idmançı seçimi və yarışların formatı müzakirə olunub. ACF-in rəhbərliyi iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İclasdan sonra hakimlər və məşqçilərin iştirakı ilə seminar təşkil olunub.