İlham Əmirov: "AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası mənəvi əhəmiyyət daşıyır"
- 23 dekabr, 2025
- 10:10
J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının buraxılışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır: "Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.