Gəncənin bəzi yolları bərbad vəziyyətə düşüb, icra hakimiyyəti "mərhələli təmir" vədi verib
- 03 mart, 2026
- 12:21
Gəncə şəhəri ilə ətraf qəsəbələrin bir çox küçə və prospektlərində yollar yararsız vəziyyət düşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, 2025-ci ildə Gəncədə Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunları öncəsi şəhərdaxili avtomobil yolları təmir edilsə də, artıq həmin yollarda problemlər yaranıb.
Bu sırada şəhərin Natavan, Məhsəti, Cavadxan qəsəbələrini, Nəriman Nərimanov, Nizami Gəncəvi prospektlərini, Niyazi Əhmədov, Üzeyir Hacıbəyov, Şahlar Hüseynov və başqa küçələri xüsusi qeyd etmək olar. O istiqamətdəki küçələrdə yolların bərbad durumu avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, nəqliyyat vasitələrinə texniki, sürücülərə isə maddi ziyan vurur. Yağıntılı havalarda isə yollarda vəziyyət daha da ağırlaşır.
Digər tərəfdən, Gəncənin müəyyən küçələrində aparılan qazıntı işləri də hərəkətin təhlükəsizliyinə və intensivliyinə mənfi təsir göstərir. Məsələn, Şahlar Hüseynov küçəsi su-kanalizasiya xəttinin bərpası məqsədilə qazılsa da, işlər başa çatdırıldıqda, açılmış çalalar doğru-düzgün doldurulmayıb. Üstəlik, qısa müddət sonra həmin yol yenidən və eyni məqsədlə bağlanıb. İşlər yekunlaşdıqda isə geridə yenə çala-çuxurlar qalıb.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəhərin adı çəkilən və daha bir neçə küçəsində avtomobil yollarında yaranmış problemlərdən xəbərdardırlar və ötən illərdə olduğu kimi, bu il də mərhələli şəkildə təmir-bərpa işləri aparılacaq:
"Şəhərin bir neçə küçəsinin avtomobil yolu uzun illər öncə çəkilib, asfaltlanıb. Artıq həmin yolların bəzi hissələrində çöküntü, dağıntı və aşınma olub. Həmin yollarda təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq. Ötən il şəhər ərazisində bir neçə küçə və prospektdə asfaltlama işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılıb. Həmin yollarda da yaranmış problemlərin aradan qaldırılması ilə bağlı icra hakimiyyəti tərəfindən müvafiq müraciət ünvanlanıb".
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif ərazilərini əhatə edən 130-a yaxın küçə və prospekt yenidən asfaltlanıb.