Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq ərazi planlaşdırma sənədləri təsdiq edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
"Proqram çərçivəsində 2026-cı ilə qədər 140 min nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Əhali üçün həmin ərazilərdə yeni yaşayış binaları inşa edilərək onların istifadəsinə verilir", - A. Quliyev bildirib.
Onun sözlərinə görə, son 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə güclü işlər görülüb və bu proses sürətlə davam edəcək: "Şəhərlərin demək olar ki, hamısının baş planı hazırlanıb və təsdiq olunub. Bu proses davamlı olaraq aparılacaq".
A. Quliyev həmçinin bildirib ki, şəhərsalma prosesi kompleks həyata keçirilir: "İlk növbədə Bakı şəhərinin Baş Planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumları da bu məsələyə cavabdehlik daşıyır. Komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir. Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur".