ADB Azərbaycanın dəmir yollarının aşağı karbonlu nəqliyyat sektorunda liderə çevrilməsi yollarını araşdırır
- 05 dekabr, 2025
- 10:54
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Asiya İnkişaf Bankı (ADB) ilə birgə şirkətin enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, intellektual rəqəmsal həllərin tətbiqi, innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə və regional logistikanın modernləşdirilməsi hesabına dekarbonizasiya üzrə dünya liderlərindən birinə çevrilməsi imkanlarını araşdırır.
"Report" xəbər verir ki, bu barədə ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal ADY-nin dekarbonizasiyası üzrə birgə layihənin təqdimatında bildirib.
Onun sözlərinə görə, texniki yardım çərçivəsində hazırlanacaq tövsiyələr praktik, həyata keçirilə bilən olmalı və ADY-nin korporativ strategiyası, eləcə də Azərbaycanın milli iqlim və enerji hədəfləri ilə tam uyğunluq təşkil etməlidir. "Bu, şübhəsiz ki, nazirliklər, ADY, ADB komandası və məsləhətçi ekspertlər arasında sıx koordinasiyanın qurulmasını tələb edəcək", - nümayəndəliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, Azərbaycan xüsusilə COP29-dan sonra "yaşıl artım", enerji keçidi və iqlim dayanıqlığının milli strateji prioritetlərə çevrildiyi bir vaxtda inkişafın həlledici onilliyinə qədəm qoyur. "Yenilənmiş iqlim öhdəlikləri, emissiyaların azaldılması hədəfləri və ölkənin ekoloji cəhətdən təmiz mobillik sahəsində regional lider olmaq istəyi bütün regiona aydın və güclü mesaj göndərir. Buna görə də bugünkü seminar sadəcə texniki müzakirə deyil, həm də nəqliyyat sektorunun aşağı karbonlu transformasiyası istiqamətində Azərbaycanı liderliyə aparan yolun bir hissəsidir", - S.Durrani-Camal əlavə edib.
O vurğulayıb ki, dəmir yolları yüksək enerji səmərəliliyinə malik və aşağı karbonlu nəqliyyat növüdür: "Bu sahə regional və qlobal logistikanın inkişafı, Orta Dəhliz marşrutları və digər Avrasiya nəqliyyat bağlantıları vasitəsilə ixracın şaxələndirilməsində Azərbaycanın öz mövqeyini gücləndirdiyi bir dövrdə mühüm rol oynayır".