Xalq artisti Habil Əliyev süni nəfəs aparatına qoşulub

Xalq artisti Habil Əliyev süni nəfəs aparatına qoşulub Kaman ustasını müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək
İncəsənət
17 Avqust , 2015 11:06
Xalq artisti Habil Əliyev süni nəfəs aparatına qoşulub

Bakı. 17 avqust. REPORT.AZ/ Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin vəziyyəti nisbətən normalaşıb. 

Bunu "Report" a kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. 

Onun sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev, əllərini tərpədib.

Ş.Əliyeva qeyd edib ki, Habil Əliyevin vəziyyəti iki gün əvvəl kəskin şəkildə pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər: "Habil, 10 gün Səhiyyə Nazirliyinin nəzarəti altında evdə müalicə olundu. Amma son günlər vəziyyəti qəfildən kəksin pisləşdi, evə müalicə mümkün olmadı və xəstəxanaya yatırmalı olduq. Dünən gecə süni nəfəs aparatına qoşublar. Həkimlər bizə dedilər ki, dünən gecə gözlərini açıb və əllərini tərpədib. Bu da yaxşı nəticəyə işarədir. Ümid edirik ki, yaxşı olacaq". 

Həyat yoldaşı deyib ki, Habil Əliyevi müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək: "Dövlətimiz sağ olsun. Habilin müalicəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq".

Xatırladaq ki, 88 yaşlı xalq artisti, kaman ustası H.Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. O, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi