“Teknofest” çərçivəsində yeni müsabiqəyə start verilib
- 31 yanvar, 2022
- 12:43
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə keçiriləcək “Teknofest” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində bir neçə müsabiqə olacaq.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, artıq onlardan birinə - ətraf mühitin qorunması sahəsində müsabiqəyə qeydiyyat başlayıb. Bu müsabiqə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələrin təqdim edilməsinə çağırış edir. Ona yuxarı sinif şagirdləri, tələbələr və gənc sahibkarlar iştirak edərək yeni ideya və prototiplərini təqdim edə bilərlər.
Müsabiqə bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
Müsabiqədə 3 kateqoriya üzrə iştirak etmək mümkündür. Orta məktəb şagirdləri A kateqoriyası üzrə innovativ təşəbbüs və ideyalarını festivala təqdim edə bilərlər.
B kateqoriyası üzrə Azərbaycanda təhsil alan ali məktəb tələbələri müvafiq mövzularla bağlı innovativ həll yolları və layihələrini müsabiqəyə təqdim edə bilərlər.
Fərdi iştirakçılar və ya onlardan ibarət komandalar isə C kateqoriyası üzrə müsabiqəyə qoşula bilərlər.
Müsabiqə üzrə mükafat fondu şagirdlər üçün (A kateqoriyası) I yer 4000 AZN, II yer 2000 AZN və III yer 1000 AZN təşkil edir.
B kateqoriyasını təmsil edən tələbələr və C kateqoriyası üzrə startaplar və fərdi sahibkarlar üçün Mükafat fondu I yer 6000 AZN, II yer 4000 AZN, III yer isə 2000 AZN-dir.