“Teknofest” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, “Teknofest” Nazirliyin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “Teknofest”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Bakıda keçiriləcək festivalın ən maraqlı yarışlarından biri də “Smart Qarabağ” Hakatonudur.
“Əşyaların interneti”, bulud texnologiyaları, süni zəka, maşın öyrənməsi və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonuna qeydiyyat artıq başlayıb. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
“Smart Qarabağ” Hakatonunda müvafiq sahələr üzrə ən səmərəli həll yolları təqdim edən gənclər üçün mükafat fondu nəzərdə tutulub. Mükafat fondu I yer üzrə 10 000 ABŞ dolları, II yer üzrə 5 000 ABŞ dolları və III yer üzrə isə 3 000 ABŞ dolları təşkil edir.
Hakatonda iştirak etmək üçün son müraciət tarixi martın 16-dır.