Nazir: "Şimali Makedoniya və Azərbaycan rəqəmsal hab yaratmaq potensialına malikdir" - MÜSAHİBƏ
- 12 fevral, 2026
- 14:31
Rəqəmsal transformasiya bu gün dövlətlərin daxili işi olmaqdan çıxaraq, geosiyasi yaxınlaşma və iqtisadi artımın əsas alətinə çevrilib. "ASAN xidmət" ekosisteminin tətbiqi sahəsində beynəlxalq səviyyədə tanınmış təcrübəyə malik Azərbaycan və Aİ-nin rəqəmsal məkanına fəal şəkildə inteqrasiya edən Şimali Makedoniya getdikcə daha çox ortaq təmas nöqtələri tapır.
Şimali Makedoniya Respublikasının rəqəmsal transformasiya naziri Stefan Andonovski "Report"a eksklüziv müsahibəsində Azərbaycanın təcrübəsinin Balkan ölkələrində necə uyğunlaşdırıla biləcəyi, Avropa İttifaqının proqramlarında iştirakın birgə İT layihələr üçün açdığı perspektivlər, Skopye ilə Bakı arasında rəqəmsal dialoqun nə zaman rəsmi institusional status alacağı barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- İndiki mərhələdə Şimali Makedoniya ilə Azərbaycan arasında rəqəmsal əməkdaşlığın hansı istiqamətlərini prioritet hesab edirsiniz?
- Şimali Makedoniya Azərbaycanla rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi üçün bir neçə istiqamətdə böyük potensial görür. Söhbət ilk növbədə, elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsal dizaynından gedir.
Biz vətəndaş və biznesyönümlü xidmətlərin, "bir pəncərə" prinsipinin tətbiqi, elektron xidmətlərin standartlaşdırılması, eləcə də rəqəmsal həllərin həyat dövrünün idarə edilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq. Rəqəmsal transformasiyanın institusional arxitekturası - qurumlararası koordinasiya, rəqəmsal islahatların səmərəliliyinin qiymətləndirilməsi də mühüm elementdir.
Kibertəhlükəsizlik ayrıca prioritet istiqamətdir. Bu sahədə əməkdaşlıq kiberhadisələrə reaksiyanın koordinasiyası, milli erkən xəbərdarlıq mexanizmlərinin inkişafı, dövlət informasiya sistemlərinin dayanıqlılığının artırılması, eləcə də institusional kibergigiyena mədəniyyətinin formalaşdırılması və kadr potensialının artırılması üzrə təcrübə mübadiləsini ehtiva edə bilər.
Rəqəmsal infrastrukturun və innovativ texnologiyaların inkişafı, o cümlədən rəqəmsal identifikasiya, məlumatların qorunması, bulud həllərindən istifadə və dövlət sektorunda innovasiyaların tətbiqi ilə bağlı yanaşmaların mübadiləsi də perspektivli istiqamətdir.
Bu mərhələdə bizim yanaşmamız həyata keçirilə bilən konkret təşəbbüslər – pilot layihələr, birgə iş formatları və ekspertiza mübadiləsi üzrə əməkdaşlığın qurulmasından ibarətdir. Məhz bu cür praktiki addımlar hüquqi, idarəetmə və informasiya təhlükəsizliyi standartlarına tam riayət etməklə qısa müddətdə real əlavə dəyər yaratmağa imkan verir.
- Ölkələrimiz arasında rəqəmsal əməkdaşlıq iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verə bilərmi? Xüsusilə, Balkan ölkələri və Qafqaz arasında vahid rəqəmsal dəhlizin yaradılmasında hər iki ölkənin iştirakı mümkündürmü?
– Şübhəsiz ki, rəqəmsal əməkdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə təkan verə bilər. Balkan ölkələri və Qafqaz arasında "rəqəmsal dəhliz" konsepsiyası konkret tətbiq ssenarilərinə əsaslandığı təqdirdə real görünür.
Söhbət ticarət prosedurlarının sadələşdirilməsi, logistikanın rəqəmsallaşdırılması, kiçik və orta biznesə dəstək verilməsi, eləcə də təhlükəsiz B2G xidmətlərinin inkişafından gedə bilər. Məhz belə həllər strateji təşəbbüsləri real iqtisadi məzmunla zənginləşdirir.
- Mərkəzi Asiya, Yaxın Şərq və Aİ bazarlarına yönəlmiş birgə rəqəmsal habların və ya innovativ inkubatorların yaradılması potensialını necə qiymətləndirirsiniz? Hansı mexanizmlər belə əməkdaşlığa töhfə verə bilər?
- Belə bir potensial həqiqətən mövcuddur və burada əsas şərt rəqəmsal habların ixrac potensiallı "GovTech" həllərinə yönəlik olmasıdır. Bunlara rəqəmsal dövlət xidmətləri, "regtech" həlləri, təhlükəsiz rəqəmsal identifikasiya komponentləri, inzibati proseslərin avtomatlaşdırılması, eləcə də kibertəhlükəsizlik alətləri aid ola bilər.
Xarici bazarlara çıxış proqramları, mentorluq, tənzimləyicinin tələblərinə riayət edilməsinə köməklik göstərilməsi və daha geniş regional bazarlara fokuslanmış startaplar üçün tərəfdaşlıqların qurulması səmərəli dəstək mexanizmləri ola bilər.
- Sizcə, Şimali Makedoniya və Azərbaycan arasında rəqəmsal dialoqun institusionallaşdırılması ilə bağlı hansı addımlar atılmalıdır? Rəqəmsal transformasiya sahəsində Anlaşma Memorandumunun imzalanması nəzərdən keçirilirmi?
- Fikrimcə, bu istiqamətdə əsas addım xoş niyyət bəyannaməsi və yüksək səviyyəli siyasi təmaslardan əməkdaşlığın strukturlaşdırılmış və davamlı icra mexanizminə keçiddir.
Bu yaxınlarda baş tutmuş yüksək səviyyəli təmaslar, xüsusilə də Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın 2025-ci ilin martında Bakıya rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri əməkdaşlığın rəsmiləşdirilməsi üçün artıq möhkəm zəmin yaradıb. Praktiki əməkdaşlıq prioritetləri və alətlərinin aydın şəkildə əks olunduğu Anlaşma Memorandumunun imzalanması növbəti məntiqi addım ola bilər.
- Aİ-nin dəstəyi ilə, məsələn, "EU4Digital", "Digital Europe" və ya "Horizon Europe" təşəbbüsləri çərçivəsində həm Şimali Makedoniyanın, həm də Azərbaycanın iştirak edə biləcəyi ikitərəfli layihələr nəzərdən keçirilirmi?
- Aİ proqramlarının dəstəklədiyi çərçivələrin icazə verdiyi və iştirak qaydalarının hər bir ölkənin statusuna uyğun olduğu hallarda əməkdaşlığa açığıq.
"EU4Digital" təşəbbüsü Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləməyə yönəlib. Bu təşəbbüs genişzolaqlı internetə çıxışın, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar sahəsində potensialın artırılması kimi istiqamətləri əhatə edir.
Şimali Makedoniya qabaqcıl rəqəmsal bacarıqlar, rəqəmsal dövlət xidmətləri və innovativ ekosistemlər sahəsində potensialın gücləndirilməsinə yönəlmiş "Digital Europe" proqramı ilə əlaqəlidir. Bu, əməkdaşlıq formatlarının uyğun olduğu sahələrdə tərəfdaşlıqlar və bilik mübadiləsi üçün imkanlar yaradır.
"Horizon Europe" proqramı tədqiqat və innovasiyalar üçün əlavə imkanlar açır, iştirak qaydalarını və hər bir tərəfdaşın statusunu nəzərə almaqla sərhədlər boyunca qurumları və konsorsiumları birləşdirməyə kömək edir.
Praktiki səviyyədə biz birgə tədbirlərdən, dövlət qurumları, universitetlər və innovativ sahibkarlar arasında tərəfdaş axtarışından başlaya bilər, daha sonra isə proqramların tənzimləyici çərçivəsi imkan verdiyi hallarda konsorsiumların yaradılmasına keçid edə bilərik.
- İki ölkənin İT mütəxəssisləri və rəqəmsal transformasiya üzrə ekspertləri arasında birgə işçi qrupların və ya mübadilə proqramlarının yaradılması planlaşdırılırmı? "GovTech" platformaları və startap ekosistemləri çərçivəsində əməkdaşlıq araşdırılırmı?
- Şübhəsiz ki, biz bu cür əməkdaşlıq formatlarını dəstəkləyirik, çünki onlar qarşılıqlı faydalı olmaqla yanaşı, praktiki icra baxımından ən real olanlardır. Söhbət rəqəmsal xidmətlərin hazırlanması, sistemlərin uzlaşması, kibertəhlükəsizliyin və rəqəmsal bacarıqların inkişafı kimi istiqamətlər üzrə birgə iş formatlarının qurulmasından gedə bilər.
Həmçinin peşəkar mübadilələr, qısamüddətli ekspert missiyaları, təlim səfərləri və ən uğurlu rəqəmsal platforma və xidmətlərin qarşılıqlı təhlili mümkündür. "GovTech" sahəsində əməkdaşlıq və startap ekosistemlərinin dövlət sektorunun vəzifələri ətrafında birləşdirilməsi, o cümlədən startapların ictimai ehtiyaclar üçün həllər təklif edə biləcəyi birgə hakatonların və ya müsabiqə proqramlarının həyata keçirilməsi ayrıca bir istiqamətdir.
Bu cür yanaşma əməkdaşlığı tez bir zamanda başlatmağa, iştirakçılar arasında etimad formalaşdırmağa və ardıcıl, praktiki təşəbbüslər üçün zəmin yaratmağa imkan verir.
- Şimali Makedoniyada işlənib hazırlanmış texnoloji həllər hansı dərəcədə Azərbaycana uyğunlaşdırıla və ya ixrac edilə bilər? Hazırda rəqəmsal xidmətlərin ötürülməsi mümkünlüyü ilə bağlı müzakirələr aparılırmı?
- Prinsipcə, rəqəmsal həllərin və İT bacarıqlarının ixracı həmişə mümkündür – rəqəmsal iqtisadiyyat mahiyyəti etibarilə açıqdır. Texnologiyalar mobildir, lakin onların praktiki tətbiqi həmişə lokal xarakter daşıyır. İstənilən həll Azərbaycanın milli hüquqi bazasına, rəqəmsal identifikasiya və etimad infrastrukturuna, dil tələblərinə, kibertəhlükəsizlik standartlarına və institusional arxitekturasına uyğunlaşdırılmalıdır.
Bir qayda olaraq, ən səmərəli yanaşma texnologiyaların birbaşa köçürülməsi deyil, modellərin - xidmət standartlarının, qarşılıqlı fəaliyyət prinsiplərinin, proseslərin reinjinirinqinin transferi və sonradan lokal icrasıdır.
Biz məhz hansı komponentlərin relevant ola və praktiki olaraq reallaşdırıla biləcəyini müəyyən etmək üçün araşdırma xarakterli müzakirələrə açığıq. Bunlar iş proseslərinin avtomatlaşdırılması modulları, xidmət kataloqlarının formalaşdırılmasına yanaşmalar, məlumat mübadiləsi modelləri və ya rəqəmsal bacarıqların inkişafı alətləri ola bilər.
- Azərbaycanın rəqəmsal yetkinlik səviyyəsini necə qiymətləndirərdiniz? Azərbaycan təcrübəsinin, xüsusilə də "ASAN xidmət" modelinin hansı elementlərinin Şimali Makedoniyada tətbiqi faydalı ola bilər?
- Azərbaycan ilk növbədə, istifadəçi rahatlığını, standartlaşdırılmış prosesləri və "bir pəncərə" fəlsəfəsini özündə birləşdirən "ASAN xidmət" modeli sayəsində vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində dayanıqlı nüfuz formalaşdırıb. Şimali Makedoniyada biz oxşar yanaşmanı "uslugi.gov.mk" Milli Dövlət Xidmətləri Platforması vasitəsilə həyata keçiririk.
Tətbiq edilə bilən təcrübələr baxımından bizim üçün Azərbaycan təcrübəsinin aşağıdakı elementləri xüsusilə maraqlıdır: xidmətlərin vahid platformaya inteqrasiyası və vahid keyfiyyət standartları, bunun sayəsində vətəndaşlar dövləti pərakəndə institutlar toplusu kimi deyil, bütöv bir sistem kimi qəbul edirlər; fiziki xidmət mərkəzlərini rəqəmsal xidmətlərlə birləşdirən omnikanal xidmət yanaşması; eləcə də yüksək əməliyyat intizamı – xidmət səviyyəsi ilə bağlı dəqiq müəyyən edilmiş gözləntilər, ölçülə bilən səmərəlilik göstəriciləri və proqnozlaşdırıla bilən istifadəçi təcrübəsi.
Vətəndaşların etimadına və istifadə rahatlığına diqqət yetirilməsi ayrıca marağa layiqdir. Bizim üçün xidmətlərin hərtərəfli layihələndirilməsi – proseslərin sadələşdirilməsi, institusional koordinasiya və keyfiyyətin sistemli idarə edilməsi əsas prinsip olaraq qalır.
- Təhsil və tədqiqatlar sahəsində əməkdaşlıq, o cümlədən akademik mübadilələr, birgə magistr proqramları və ya hər iki ölkənin universitetləri və texnoparklarının iştirakı ilə elmi-tədqiqat və təcrübə-konstruktor layihələri müzakirə olunurmu?
- Bu, xüsusilə dövlət sektorunun ehtiyaclarının akademik və tədqiqat imkanları ilə kəsişdiyi tətbiqi sahələrdə əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Söhbət universitetlər və texnoparklar vasitəsilə birgə tədqiqat təşəbbüslərindən, ilk növbədə, dövlət xidmətlərinin modernləşdirilməsi – məlumatların məxfiliyini qoruyan texnologiyaların tətbiqi, təhlükəsiz rəqəmsal identifikasiya modellərinin işlənib hazırlanması və xidmətlərin avtomatlaşdırılması ilə bağlı layihələrdən gedə bilər.
Digər mühüm istiqamət təcrübə keçmə, təcrübəyə əsaslanan proqramlar və dövlət sektorunun real tapşırıqlarına əsaslanan innovasiya müsabiqələri vasitəsilə "kadr konveyerlərinin" formalaşdırılmasıdır.
Biz qabaqcıl təcrübə mübadiləsinə töhfə verən, hər iki ölkəyə və onların vətəndaşlarına praktiki fayda gətirən istənilən dialoq formatını alqışlayırıq.
- Şimali Makedoniyada rəqəmsal təşəbbüslərin həyata keçirilməsinə azərbaycanlı İT mütəxəssislərinin cəlb edilməsi mümkündürmü? Makedoniyalı mütəxəssislərin Azərbaycanda fəaliyyətə maraq səviyyəsi necədir?
- Qarşılıqlı maraq kəsb edən potensial, şübhəsiz ki, mövcuddur. Makedoniyalı İT mütəxəssisləri beynəlxalq bazarda yüksək rəqabət qabiliyyəti nümayiş etdirirlər və eyni imkanlar Azərbaycandan olan ekspertlər üçün də açıqdır. Bununla belə, bu potensialı üzə çıxarmaq üçün daha strukturlaşdırılmış əməkdaşlıq mexanizmlərinin inkişafı məqsədəuyğundur.
Biz kadr mobilliyini və ekspertlər arasında qarşılıqlı fəaliyyəti yüksək qiymətləndiririk. Bu əməkdaşlıq çərçivəsində aşağıdakı formatlara xüsusi önəm verilir: qısamüddətli ekspert dəstəyi (rəqəmsal sistemlərin arxitekturası, kibertəhlükəsizlik, xidmətlərin dizaynı və layihələrin icrasının idarə edilməsi sahəsində), birgə pilot təşəbbüslərdə və təlim proqramlarında iştirak, eləcə də özəl sektor və regional İT şəbəkələri vasitəsilə əməkdaşlıq.