Azərbaycan və Çad dövlət agentlikləri rəqəmsal transformasiya sahəsində memorandum imzalayıb

İKT
  • 30 yanvar, 2026
  • 13:12
Azərbaycan və Çad dövlət agentlikləri rəqəmsal transformasiya sahəsində memorandum imzalayıb

Azərbaycan və Çad dövlət agentlikləri Bakıda rəqəmsal transformasiya sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

"Report" "Tech Africa News"ə istinadən xəbər verir ki, sənədi Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) İdarə Heyətinin sədri Fərid Osmanovla Çad İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Agentliyinin (ADETIC) baş direktoru Adum Cimet Sabun imzalayıblar.

Mərasimdə, həmçinin Bakıya gələn nümayəndə heyətinə rəhbərlik edən Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşdırma naziri Bukar Mişel də iştirak edib.

Məlumata görə, anlaşma memorandumu elektron idarəetmə, rəqəmsal innovasiyalar və məhsulların ixracı sahəsində əməkdaşlığı təşviq etməyə, texniki və qabaqcıl təcrübələr mübadiləsinə və institusional potensialın artırılmasına yönəlib.

Sənəddə, həmçinin təlim proqramları, rəqəmsallaşma sahəsində pilot layihələr, qarşılıqlı tanışlıq səfərləri, ekspert mübadiləsi kimi bir sıra birgə tədbirlər nəzərdə tutulub.

"Bu təşəbbüs Çadın dövlət idarəçiliyinin modernləşdirilməsi, milli rəqəmsal ekosistemin, regional və beynəlxalq rəqəmsal bazarlara inteqrasiyanın gücləndirilməsi, eləcə də Azərbaycanla təcrübə mübadiləsinin və qarşılıqlı faydalı innovativ tərəfdaşlığın təşviqi üzrə daha geniş strategiyasının bir hissəsidir", - nəşr qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti