Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində mübahisə düşüb

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində mübahisə düşüb Hakim vəkilləri "şou yaratmaqda" günahlandırıb
Hadisə
27 Oktyabr , 2016 17:36
Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsində mübahisə düşüb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesdə zərərçəkmiş Ağasəlim Cəfərov ifadə verib. O, hadisə vaxtı Bakıda olmadığını deyib. Zərərçəkmiş yanğın zamanı ona qardaşının məlumat verdiyini bildirib: "Bakıya qayıdanda yanğını artıq söndürülmüşdür. Evim yanıb, ziyan dəyib. Dövlət tərəfindən dəymiş ziyan ödənilib və heç kimdən şikayətçi deyiləm".

Şahid qismində Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupunun əməkdaşı Elçin Əbilov ifadəsi zamanı hadisə baş verən günü yanğınla bağlı həyəcan siqinalı aldıqlarını qeyd edib: "Həmin vaxt hadisə yerinə gəldik. Binanın şüşələri qalın idi. Şüşələri sındırdıq ki, tüstü çölə çıxsın. Şüşə əlimi kəsdi. Hadisə vaxtı alov bütün binanını bürümüşdü. Partlayış səsi isə eşitməmişəm".

Prosesdə vəkillər şahidə suallar veriblər. Hakim Əfqan Hacıyev isə təqsirləndirilən M.Mahmudovun vəkili İhamə Həsənovaya təkrar suallar verdiyini bildirərək, ona xəbərdarlıq edib. Digər vəkillər də mübahisəyə qarışıb. Bu zaman hakimlərlə vəkillər arasında mübahisə olub. Hakim vəkilləri "şou yaratmaqda" günahlandırıb.

FHN-nin digər əməkdaşı Anar Hacıyev də dindirilib. O, hadisə zamanı çoxlu tüstünün çıxdığını deyib.

Məhkəmənin növbəti prosesi oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi