"Qarabağ" UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyə "Sivasspor"u ilə keçirəcəyi oyunun yerini müəyyənləşdirib.
Bu barədə "Report"a Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.
Klub rəsmisi bildirib ki, rəqibi İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul etmək istəyirlər: "UEFA-ya müraciət etmişik. Hazırda bununla bağlı danışıqlar gedir. Amma hələ rəsmi təsdiq yoxdur".
Qeyd edək ki, noyabrın 26-da olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da "Başakşehir" klubuna məxsus stadionda keçirib.