Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən tədbirlərdən biri də FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.
"Report" xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan birində - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.
Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.
Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanıblar.
Qeyd edək ki, FIA həftəsi çərçivəsində məşhur pilotlar da FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Xatırladaq ki, dekabrın 5-dən 8-dək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir.
Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər.
Qonaqlar FIA həftəsi çərçivəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə edirlər. Ümumilikdə federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.
Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib.
Qeyd edək ki, son illər Azərbaycanda avtomobil idmanının inkişafı üzrə bir sıra layihələr keçirilir. Bakı dünyanın ən nüfuzlu idman yarışlarından biri – "Formula 1" üzrə Azərbaycan Qran-prisinə uğurla ev sahibliyi edir və bu idman həvəskarlarını paytaxtımızda toplayır.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra işlər görülür, təlimlər təşkil olunur, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, təmsilçilərimizin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.